
Məmmuka Mdinaradze: "Bokuçavanın iddiaları kampaniyanın bir hissəsidir – az sonra bir-birilərinə xəsarət yetirməyə başlayacaqlar"
“Gürcü Arzusu” Partiyasının icraçı katibi və parlament çoxluğunun lideri Məmmuka Mdinaradze “Vahidlıq – Milli Hərəkat” sədri Tina Bokuçavanın həyat yoldaşı Kote İoselianinin guya oğurlanması ilə bağlı açıqlamasını kampaniyanın tərkib hissəsi adlandırıb.
Mdinaradzenin sözlərinə görə, bu, gerçək faktlara deyil, təxribatçı siyasi uydurmalara əsaslanan ucuz spekulyasiyadır:
“Gəlin belə edək – kimsə Tina Bokuçava və həyat yoldaşına söyüş söysün, ağır ifadələr işlətsin. Sonra həmin adam çıxıb desin ki, üzr istəməyə məcbur edildi. Bax, biz artıq bu səviyyəyə gəlib çatmışıq. Əllərində heç nə qalmayıb, başlayıblar belə nağıllar uydurmağa. Sosial şəbəkələrdə bir neçə gün əvvəl də oxşar videolar yayılmışdı – guya kimlərsə ‘Gürcü Arzusu’nun nümayəndələri haqqında xoşagəlməz sözlər dedikləri üçün üzr istəyirdilər. Mənə görə bu artıq kampaniyadır – çünki yeni heç nə fikirləşə bilmirlər.”
Mdinaradze hesab edir ki, bu taktika birgünlük plan üzrə hazırlanıb:
“Bu gün söy, sabah üzr istə, birigün kimsə – həyat yoldaşı, xalası, bibisi – çıxsın desin ki, guya oğurlanıb və ona görə üzr istədi. Belə ucuz, aşağı səviyyəli ssenarilərdir bunlar.”
Mdinaradzenin fikrincə, bu davranışlar qarşıdakı dövrdə daha da aqressiv formalar ala bilər:
“İndi deyirlər ki, nə fiziki zorakılıq olub, nə də başqa bir şey. Amma görəcəksiniz, az sonra bir-birilərinə xəsarət yetirməyə başlayacaqlar. Bugünkü gündə sosial şəbəkələrdə heç bir mövzu yoxdur, amma artıq ‘Kadirovçular’ haqda danışmağa başlayıblar. Yəni, bu kampaniyanı sadəcə qurublar – əvvəl təhqir, sonra üzrxahlıq, sonra isə guya təhdid və oğurluq.” – deyə Mdinaradze bildirib.