
Tina Bokuçava: “Məni və həyat yoldaşımı ifadə verməyə çağırıblar, ancaq yalnız magistrat hakimin qarşısında danışacağıq”
“Vahidlik – Vahid Milli Hərəkat” partiyasının sədri Tina Bokuçava bildirib ki, onu və həyat yoldaşı Kote İoselianini dindirməyə çağırıblar.
Bokuçavanın sözlərinə görə, hər ikisi ifadəni yalnız magistrat hakimin qarşısında verməyə razıdır.
“Mənə Tbilisi Polis Departamentindən zəng etdilər. Bu, elə həmin departamentdir ki, gün ərzində Koteyə də zəng etmişdilər. Məndən dindirməyə gəlməyimi istədilər, lakin mən də onlara Koteyə dediyimiz cavabı verdim – biz yalnız magistrat hakimin qarşısında ifadə verəcəyik. Hələlik vaxt müəyyən edilməyib”, – deyə Bokuçava “TV Pirveli”yə bildirib.
Xatırladaq ki, Thina Bokuçava bəyan etmişdi ki, həyat yoldaşı Kote İoseliani onların yaşadığı binanın yaxınlığında beş maskalı şəxs tərəfindən izlənilib, onlara hücum edilib və o, oğurlanıb. Bu barədə o, həyat yoldaşının video açıqlamasına münasibət bildirərkən danışıb. Həmin videoda İoseliani bir neçə il əvvəl söylədiyi sözlərə görə Bidzina İvanişvilinin oğlu Uta İvanişvilidən üzr istəyir.
Bokuçavanın sözlərinə görə, oğurlayan şəxslər onun həyat yoldaşına 8 saat ərzində təzyiq göstəriblər və uşaqlarının təhlükəsizliyi ilə hədələyiblər.
O bildirib ki, ehtimala görə, Kote İoseliani həmin vaxt “modul binası” adlanan məkanda saxlanılıb.
Bokuçavanın fikrincə, baş verənlərin əsas səbəbi onun qorxudulması və susdurulmasıdır.