09 
Iyn
2025
16:23
203

Kote İoseliani Daxili İşlər Nazirliyinə ifadə verməyə çağırılıb

“Vahid Milli Hərəkat”ın sabiq üzvü Kote İoseliani Gürcüstan Daxili İşlər Nazirliyinə ifadə vermək üçün çağırılıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı “InterPressNews”a istintaq orqanı təsdiqləyib.

İoselianinin ifadəyə çağırılmasının səbəbi, ehtimal olunur ki, həyat yoldaşı, “Vahid Milli Hərəkat”ın sədri Tina Bokuçavanın son bəyanatıdır. Bokuçava bildirib ki, əri Kote İoseliani maskalı şəxslər tərəfindən yaşadığı binanın qarşısında oğurlanıb və ona psixoloji təzyiqlər göstərilib.

Tina Bokuçavanın sözlərinə görə, əri 5 nəfər maskalı şəxs tərəfindən izlənilib, oğurlanaraq naməlum istiqamətə aparılıb və orada 8 saat ərzində uşaqlarının təhlükəsizliyi ilə hədələnərək təzyiqə məruz qalıb. Onun iddiasına görə, bu müddətdə Kote İoseliani Daxili İşlər Nazirliyinin nəzdində yerləşən “Moduli” binasında saxlanılıb.

Hadisəyə səbəb kimi Bokuçava özünün susdurulması və siyasi fəaliyyətindən çəkindiriləcəyinə dair hədə-qorxu gəlinməsini göstərib.

Xatırladaq ki, Kote İoseliani bir gün əvvəl video yayımlayaraq bir neçə il əvvəl Bidzina İvanişvilinin oğlu Uta İvanişvili barədə dediyi sözlərə görə ondan üzr istəmişdi. Bokuçava isə bu videonun zorla və təzyiq altında çəkildiyini iddia edir. Hazırda hüquq-mühafizə orqanları baş verənlərlə bağlı araşdırma aparır.

Bizimlə əlaqə saxlayın