09 
Iyn
2025
13:41
202

Komitə qanun layihəsinə dəstək verdi: Tənzimləyici orqan məhkəmə qərarı ilə banklardan media haqqında məxfi məlumat ala biləcək

Gürcüstan Parlamentinin Hüquqi məsələlər üzrə komitəsi birinci oxunuşda “Yayım haqqında” qanuna və digər əlaqədar qanunlara dəyişiklikləri prinsip səviyyəsində dəstəkləyib.

InterPress.ge xəbər verir ki, dəyişikliklərə əsasən, Elektron Kommunikasiya üzrə Milli Komissiya (EKMK) məhkəməyə müraciət edərək kommersiya banklarından və mikromaliyyə qurumlarından yayımçılarla bağlı məxfi məlumat tələb edə biləcək.

Qanun layihəsi “Gürcü Arzusu” partiyasının deputatları tərəfindən hazırlanıb və cari həftə parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

Qanun dəyişikliyi, EKMK-nin, yayımçının maliyyələşməsi ilə bağlı məlumatı təqdim etmədiyi hallarda, məhkəmənin vasitəçiliyi ilə həmin məlumatları banklardan əldə etməsinə imkan verir. Bu mexanizm, yayım fəaliyyətinə dair məhdudiyyətlərə riayət olunmasını təmin etməyə yönəlib. Belə ki, qanun yayımçıların dövlət orqanları, siyasi partiyalar və ya xarici qüvvələr tərəfindən maliyyələşdirilməsini qadağan edir.

Layihənin müəlliflərinin izahına görə, hazırda qüvvədə olan sanksiyalar – xəbərdarlıq, cərimə və ya yayım lisenziyasının dayandırılması – bu tip halların qarşısını effektiv şəkildə almağa kifayət etmir. Məhkəməyə müraciət imkanının əlavə edilməsi, qanunun icrasını təmin etmək üçün daha səmərəli vasitə hesab olunur.

Qeyd olunur ki, hazırkı qanuna əsasən, EKMK yayımçılardan lisenziya şərtləri, davranış kodeksi və müəllif hüquqlarının qorunması ilə bağlı sənədləri tələb edə bilər. Lakin məlumat təqdim olunmadığı halda tətbiq olunan cəza mexanizmləri, xüsusən də lisenziyanın dayandırılması, yalnız bir il ərzində üçüncü dəfə pozuntu halı olduqda mümkündür. Bundan əlavə, belə qərarlar məhkəməyə şikayət edildikdə avtomatik olaraq dayandırılır.

Komitə qeyd edir ki, yayımçının maliyyələşməsi məsələsi cəmiyyətin müxtəlif qrupların qeyri-qanuni təsirlərindən qorunması baxımından yüksək ictimai maraq doğurur və buna görə də daha güclü və effektiv nəzarət mexanizminin yaradılması zəruridir. Bu məqsədlə tənzimləyici orqana, yayımçıdan məlumat əldə edə bilmədikdə, məlumatı birbaşa banklardan almaq hüququ verilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər