09 
Iyn
2025
12:08
227

Los-Ancelesdə immiqrasiya reydlərinə qarşı etirazlarda 27 nəfər saxlanılıb

ABŞ-ın Los-Anceles şəhərində immiqrasiya reydlərinə qarşı keçirilən etiraz aksiyalarında 27 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Los-Anceles Polis İdarəsinin rəhbəri Cim Makdonell jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, saxlanılanlar arasında polis əməkdaşına "Molotov kokteyli" atmaq və motosikletlə polis sırasına daxil olub toqquşma yaratmaq kimi ağır ittihamlarla üzləşən şəxslər də var.

Makdonell qeyd edib ki, 17 nəfər Kaliforniya Yol Patrulu tərəfindən 101-ci avtomagistraldan nümayişçilərin uzaqlaşdırılması zamanı saxlanılıb, 10 nəfər isə şəhər mərkəzində polis və etirazçılar arasında baş verən toqquşmalar zamanı Los-Anceles Polis Departamenti tərəfindən tutulub.

Qeyd olunur ki, bir gün əvvəl — şənbə günü isə 29 nəfər saxlanılıb.

Xatırladaq ki, ABŞ-ın Gömrük və İmmiqrasiya İcra Xidmətinin (ICE) keçirdiyi reydlərə qarşı Los-Ancelesdə bir neçə gündür etirazlar keçirilir. ABŞ Prezidenti Donald Tramp etirazların qarşısını almaq üçün şəhərə 2 000 Milli Qvardiya əsgərinin göndərilməsi barədə göstəriş verib. Tramp bildirib ki, administrasiyası "radikal solçu etiraz aksiyalarını, hansı ki, iştirakçılar buna görə pul alırlar, qəbul etməyəcək".

Kaliforniya ştatının qubernatoru Gevin Nyusom isə Trampın qərarını qanunsuz adlandırıb və onun ləğvini tələb edib. Onun sözlərinə görə, Trampın bu hərəkətləri prezidentin deyil, diktatorun davranışlarını xatırladır.

Bizimlə əlaqə saxlayın