07 
Iyn
2025
20:06
332

NATO: Gürcüstanda NATO və Aİ İnformasiya Mərkəzinin bağlanması ciddi itki olacaq

NATO, Gürcüstan hökumətinin NATO və Avropa İttifaqı haqqında İnformasiya Mərkəzinin bağlanması ilə bağlı qərarından narahat olduğunu bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə Alyansın rəsmisi “Euroskop”un redaktoru Tamar Natsubidzeyə açıqlama verib.

Açıqlamada qeyd olunur ki, mərkəz Gürcüstan cəmiyyətinin NATO və bu qurumla qarşılıqlı faydalı əməkdaşlığı barədə məlumatlılığının artırılmasında əsas rol oynayırdı:

“Gürcüstan hökumətinin NATO və Aİ haqqında İnformasiya Mərkəzinin bağlanması ilə bağlı qərarından narahatıq. Bu, xüsusilə də gürcü xalqının alyans və ölkənin Avro-Atlantik istəkləri haqqında daha çox faktiki məlumata ehtiyacı olduğu bir vaxtda, ciddi itki olacaq. 2005-ci ildən bəri – mərkəzin yaradıldığı gündən etibarən – o, regional və yerli ofisləri ilə birlikdə əhalinin maarifləndirilməsi və NATO ilə Gürcüstan arasındakı tərəfdaşlıq haqqında məlumatın yayılmasında əsas rol oynayıb.”

NATO həmçinin vurğulayıb ki, bu mərkəz Alyansın ictimai diplomatiya təşəbbüsləri və Gürcüstandakı NATO əlaqələndirici ofisi üçün dəyərli tərəfdaş olub.

“Gürcü xalqı aydın şəkildə bildirib ki, Avropa və Avro-Atlantik ailənin bir hissəsi olan demokratik və firavan bir gələcək istəyir. Bu strateji məqsəd Gürcüstan Konstitusiyasında da təsbit olunub”, – deyə bəyanatda qeyd edilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstan Xarici İşlər Nazirliyi NATO və Aİ haqqında İnformasiya Mərkəzinin ləğv ediləcəyini açıqlamışdı. Artıq mərkəz əməkdaşlarına işdən azad olunmaları ilə bağlı məktublar göndərilib. Nazirlik bildirir ki, mərkəz Xarici İşlər Nazirliyinin mərkəzi aparatına birləşdiriləcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər