
Gürcüstanın Təhsil Nazirliyi: “İnklüziv təhsil şöbəsi ləğv olunmayıb”
Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi inklüziv təhsillə bağlı şöbənin ləğv edilməsi barədə yayılan məlumatları təkzib edib.
Nazirlikdən verilən açıqlamaya görə, strukturun optimallaşdırılması və idarəetmənin effektivliyinin artırılması məqsədilə Strateji Planlaşdırma və İnklüziv İnkişaf Şöbələri birləşdirilib. Bu dəyişiklik inklüziv inkişaf məsələlərinə daha yüksək strateji status verməyə xidmət edir.
Nazirlik həmçinin bildirib ki, 2024-cü ildən Mandatur Xidmətinin səlahiyyətləri genişləndirilib və ona inklüziv təhsil komponenti əlavə olunub. Bu xidmət çərçivəsində fəaliyyət göstərən Inklüziv və Xüsusi Təhsilə Dəstək Mərkəzi xüsusi təhsil ehtiyacı olan şəxslərin təhsil imkanlarını artırmaq və təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yeni və mövcud xidmətlər üzərində işləyir.
Bəyanatda vurğulanır ki, inklüziv təhsilin inkişafı Təhsil və Elm üzrə 2022–2030-cu illər üçün Milli Strategiyanın əsas prioritetlərindən biridir və nazirlik bu istiqamətdə fəaliyyətlərini daha da gücləndirəcək.