05 
Iyn
2025
23:10
430

Gürcüstanda azərbaycanlıların soyad sonluqları ilə bağlı məhkəmə prosesi başa çatdı – qərar gözlənilir

Bu gün Gürcüstanda yaşayan etnik azərbaycanlıların soyadlarında rus imperiyasının irsi olan “-ov(a)” və “-ev(a)” sonluqlarının tarixi-mədəni kimliklərinə uyğun sonluqlarla əvəzlənməsi ilə bağlı hüquqi məhdudiyyətin aradan qaldırılması məqsədilə “Salam Platforması”nın Gürcüstan Konstitusiya Məhkəməsində qaldırdığı iddia üzrə əsas məhkəmə baxışı başa çatıb.

1811 nömrəli işə Konstitusiya Məhkəməsinin hakimlər heyəti – Vasil Roinişvili, Qiorqi Kverenchxiladze, Qiorqi Tevdoraşvili və Eva Qotsiridze baxıb.

“Salam Platforması”nın hüquqi mövqeyini vəkillər Vasil Jijiaşvili, Nika Bakradze, Aleksi Mqebrişvili və Mariam Qabunia müdafiə edib. Platforma vəkillərə bu prosesdə göstərdikləri peşəkar və dəyərli dəstəyə görə təşəkkürünü bildirib.

Məhkəmə iclasında ekspert kimi tarixçi-tədqiqatçı İrakli Xvadagiani də iştirak edib. O, soyadların ruslaşdırılması ilə bağlı tarixi faktları təqdim edərək məsələnin tarixi və siyasi kontekstini açıqlayıb.

Hazırda iş üzrə Konstitusiya Məhkəməsinin qərar mərhələsinə keçid edilib və yekun qərarın ictimaiyyətə açıqlanacağı bildirilib.

Bizimlə əlaqə saxlayın