05 
Iyn
2025
12:20
145

İrakli Kobaxidze: “Avropa Parlamentinin qətnamələri tamamilə maraqsızdır, o, sovet institutuna bənzəyir”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentini tənqid edərək onu sovet dövrünün ali soveti ilə müqayisə edib. Onun sözlərinə görə, Avropa Parlamentinin fəaliyyəti bu günkü reallıqda sovet üsul-idarəsindən fərqlənmir.

“Avropa Parlamentinin qətnamələri bizim üçün tamamilə maraqsızdır. Əgər bu gün nəyisə sovet institutuna bənzətmək olarsa, bu, məhz Avropa Parlamentidir. 1980-ci illərdəki ritorika, müzakirələrin məzmunu, ədalətsizlik səviyyəsi – bu gün Avropa Parlamentində də eyni mənzərədir”, – deyə Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin fikrincə, Avropa Parlamentində mövcud vəziyyət “narahatedici və faciəvidir” və o, ümid edir ki, ilk növbədə dəyişikliklər və islahatlar bu qurumda baş verəcək.

İrakli Kobaxidze Gürcüstanla Avropa İttifaqı arasındakı münasibətlərə də toxunaraq bildirib ki, Gürcüstan faktlara əsaslanan dialoqa üstünlük verir.

“Biz bütün məsələlərlə bağlı daim məsləhətləşmələr tələb edirik. Qarşılıqlı əlaqələrdə faktlara əsaslanan yanaşma istəyirik. Təəssüf ki, bunun əvəzində, konkret arqumentsiz, ümumi və əsassız açıqlamalar alırıq. Biz irad bildirəndə bunu faktlarla əsaslandırırıq. Bu, sağlam və avropasayağı yanaşmadır”, – deyə o bildirib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstanın bu yanaşmasına tez-tez “sovet yanaşması” ilə cavab verilir və bu, xüsusilə də qərb tərəfdaşlarından gələndə narahatedicidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər