İrakli Kobaxidze: “Xaricdən göstəriş aldıqda müxalifət öz qərarlarını dəyişəcək”
“Milli Hərəkat” və “Axali” partiyalarının nümayəndələri xaricdən təlimat aldıqda, əvvəlki mövqelərindən imtina edəcəklər.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib.
Onun sözlərinə görə, bu, onlar üçün alçaldıcı olsa da, həmin göstərişlərə itaət edəcəklər.
“Düşünürəm ki, xaricdən göstəriş aldıqda, onlar öz qərarlarını dəyişəcəklər. Bu, onlar üçün nə qədər alçaldıcı olsa da, yenə də razılaşacaqlar. Onlar əvvəllər də bu cür addımlar atıblar. Bu gün həmin şəxslər digər müxalif partiyaları təzyiq altında saxlayır, çünki onlar yerli seçkilərdə iştirak etmək istəyirlər. Sabah isə özləri bu prosesə qoşulacaqlar,” – deyə Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, müxalifət xarici ölkələrin nümayəndəliklərinə göstəriş almaq üçün gedir və müstəqil qərar vermək iqtidarında deyil.
“Bu, onların davranış modelidir – gedirlər və xaricdən təlimat alırlar. Onların şəxsi fikri yoxdur. Açıq şəkildə desək, onlar xarici dairələrin agentləridir. İradə göstərmirlər, ancaq xarici ofislərdən göstəriş gözləyirlər,” – deyə o vurğulayıb.
İrakli Kobaxidzenin sözlərinə görə, bu xarici müdaxilələr nəticə etibarilə elə müxalifətin öz zərərinə işləyir.
“Xaricdən verilən tapşırıqlar müxalifətin məhvinə gətirib çıxarır. Xaricdən prosesin nəbzini tutmaq çətindir. Nəticədə, elə təlimatlar verilir ki, bu da müxalifətin daha da zəifləməsinə səbəb olur. Bu günə qədər haraya gəlib çıxdıqları bəllidir, gələcəkdə hara gedəcəklər, onu da görəcəyik,” – deyə Baş nazir bildirib.


