Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi: Gürcüstanda 2024-cü ilin parlament seçkilərinin saxtalaşdırılması ölkəni avtoritar idarəetməyə sürüklədi
"Gürcüstanda 2024-cü ilin oktyabrında keçirilmiş saxtalaşdırılmış parlament seçkiləri, Avropa İttifaqına namizəd ölkədə avtoritar hökumətə keçid üçün dönüş nöqtəsi oldu”
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yaydığı mətbuat relizində qeyd olunur.
“Bu qüsurlu səsvermə hakim partiya olan ‘Gürcü Arzusu’na dövlət institutlarını və demokratik təminatları qanunsuz olaraq ələ keçirmək, repressiv qanunvericiliyi davam etdirmək, eyni zamanda isə siyasi opponentlərə, jurnalistlərə və dinc nümayişçilərə qarşı sərt tədbirlər görmək üçün yol açdı”.- bəyanatda bildirilibz.0
Avropa parlamentariləri bildirirlər ki, Gürcüstan hökumətinin hazırkı fəaliyyəti ölkənin Aİ-yə inteqrasiya yolunu təhlükə altına qoyur və buna görə də ölkədə yeni parlament seçkilərinin beynəlxalq və müstəqil yerli müşahidəçilərin nəzarəti altında keçirilməsinə dair çağırışlarını bir daha təkrarlayırlar.
Komitənin məlumatına görə, belə seçkilər təşkil olunana qədər, Avropa parlamentariləri “Gürcüstanın mövcud təkpartiyalı parlamenti və prezidentinin legitimliyini tanımamaq siyasətini” davam etdirəcəklər və Aİ-yə, eləcə də üzv dövlətlərə çağırış edirlər ki, “Gürcü Arzusu”nun əsas vəzifəli şəxslərinə və rejimi dəstəkləyən, ölkədə demokratik geriləməyə görə məsuliyyət daşıyan şəxslərə qarşı ikitərəfli və koordinasiyalı şəxsi sanksiyalar tətbiq olunsun.
“Gürcüstanda getdikcə daha repressiv qanunvericilik mühitinin nəzərə alınması fonunda, Avropa Parlamentinin üzvləri həmçinin Aİ-nin Gürcüstana münasibətdə siyasətinin dərhal auditini tələb edir və Avropa Komissiyasını Aİ-Gürcüstan Assosiasiya Sazişinin icrasına yenidən baxmağa çağırırlar”, – deyə sənəddə qeyd olunur.
Komitənin məlumatına əsasən, Avropa Parlamentinin üzvləri “Gürcü Arzusu”nu demokratik islahatlar və Avroatlantik inteqrasiya kursuna qayıtmağa çağırır və bir daha gürcü xalqının və onların legitim, avropayönlü istəklərinin yanında olduqlarını bəyan edirlər.
Bundan əlavə, deputatlar qeyd edirlər ki, 2025-ci ildə planlaşdırılan bələdiyyə seçkiləri Gürcüstanın demokratiyası və siyasi plüralizminin dayanıqlığı üçün növbəti sınaq olacaq. Bu kontekstdə onlar ölkə müxalifətinə çağırış edirlər ki, bu fürsətdən istifadə edərək, oktyabr seçkilərindən sonra keçirilən dinc etirazlarla artıq sübut olunmuş demokratik və hüququn aliliyinə dəstəyi əks etdirən milli birliyi nümayiş etdirsinlər.
Avropa parlamentariləri həmçinin Gürcüstanda mövcud olan məhdudlaşdırıcı media mühitindən və siyasi müxalifətə qarşı hücumlardan, o cümlədən “Gürcü Arzusu” liderlərinin bəyanatlarından dərin narahatlıqlarını ifadə edirlər. Həmin bəyanatlar müxalifət partiyalarının konstitusiyaya zidd olaraq ləğv olunması niyyətinə işarə edir.
Xatırladaq ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi bu illik hesabatı bu gün 55 səslə qəbul edib, 14 deputat əleyhinə səs verib, 4 deputat isə səsvermədə iştirak etməyib. Sənəd Avropa Parlamentinin növbəti plenar sessiyasında səsverməyə çıxarılacaq.


