İrakli Kobaxidze: 2028-ci ilə qədər işsizlik 4%-dən aşağı düşməlidir
"Ölkənin əsas milli məqsədlərindən biri yoxsulluğun tamamilə aradan qaldırılmasıdır və bu məqsədə çatmaq üçün əsas vasitə davamlı iqtisadi artımdır."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət iclasında bəyan edib.
Baş nazirin sözlərinə görə, Gürcüstan iqtisadi artım baxımından nəinki regionda, həm də Avropa miqyasında lider mövqedə qalır.
“Aprel ayında 7.5%-lik iqtisadi artım qeydə alındı ki, bu da yüksək göstəricidir. İlin ilk dörd ayında orta artım 8.8% təşkil etdi. 2022–2024-cü illərdə ölkədə əmək müqaviləsi ilə çalışanların sayı 185 min nəfər artdı, onların orta aylıq əməkhaqqısı isə 1300 laridən 2217 lariyə yüksəldi. Bu, iqtisadi artımın əhalinin geniş təbəqələrinə birbaşa təsir etdiyini göstərir. Əsas odur ki, bu templə irəliləməyə davam edək”- Kobaxidze bildirib.
İrakli Kobaxidze bildirib ki, 2028-ci ilə qədər işsizliyin 4%-dən aşağı salınması və orta aylıq əməkhaqqının 3500 lariyə çatdırılması planlaşdırılır:
“Düşünürük ki, mövcud templə bu məqsədlərə nail olmaq mümkündür. Qalanı tam şəkildə bizdən asılıdır”.
Baş nazir, həmçinin, yoxsulluq göstəriciləri barədə də danışıb. Onun sözlərinə görə, 2023-cü ildə 11.8% olan göstərici 2024-cü ildə 2.4 faiz bəndi azalaraq 9.4%-ə düşüb və bu, 1990-cı illərdən bəri qeydə alınan ilk birrəqəmli nəticədir.
“2012-ci ildə, "Gürcü Arzusu’" hakimiyyətə gələndə, ölkədə 1.1 milyon nəfər yoxsulluq səviyyəsindən aşağı yaşayırdı. Bu rəqəm artıq 350 min nəfərdən aşağı düşüb. İrəliləyiş aydındır, lakin bizim əsas məqsədimiz ölkədə yoxsulluğu tamamilə aradan qaldırmaqdır. Bu istiqamətdə sürətlə irəliləyirik. Konkret proqram məqsədimiz də var – istəyirik ki, 2028-ci ilə qədər bu göstərici 4%-dən aşağı olsun. Bu, tamamilə real hədəfdir və mövcud templə orta müddətli dövrdə ölkəmizdə yoxsulluğu aradan qaldıra bilərik”- Kobaxidze əlavə edib.


