
Gürcüstanda əhali azalır-STATİSTİKA
Ölkənin bölgələrinin əksəriyyətində əhali azalır.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Hazırda əhalinin 61,5 faizi şəhər tipli yaşayış məntəqələrində yaşayır. Belə ki, kənd yaşayış məntəqələrində 1 424 800 nəfər, şəhərlərdə isə 2 279 700 nəfər məskunlaşıb.
Statistikaçı Soso Arçvadze bildirir ki, bir çox insan daha yaxşı həyat və gəlir axtarışı ilə şəhərlərə üz tutur. Lakin əgər burada da istədiklərini tapmasalar, ölkəni tərk edirlər.
“Problem ondadır ki, Tbilisidə işləmək imkanı tapmayan insanlar xaricə gedirlər. Əslində, kəndlərdən ya böyük şəhərlərə, ya da xaricə gedirlər. Nəticədə, iqtisadi stimulların qeyri-rasional bölgüsü səbəbindən Gürcüstanın demoqrafik resursları zərər görür.
Ölkədən gedənlərin orta yaşı ölkədə qalanların orta yaşından 7-8 il azdır. Gedənlər arasında əsasən əmək qabiliyyətli, iqtisadi baxımdan fəal və reproduktiv yaşda olan şəxslər üstünlük təşkil edir. Onların 60 faizdən çoxu qadınlardır və onların da təxminən 70 faizi reproduktiv yaşdadır. Bu, Gürcüstanda əhalinin artmamasının əsas səbəblərindən biridir.
Bundan əlavə, doğumun azalmasına iqtisadi vəziyyət də təsir edir. Bəziləri ailə qurmaqdan çəkinir. Toyların orta yaşı 90-cı illərlə müqayisədə xeyli artıb. Artıq dörd ildir ki, Gürcüstanda təbii artım mənfidir: ölüm halları doğumdan çoxdur, üstəlik miqrasiyanın mənfi saldosu da buna əlavə olunur”, - deyə Soso Arçvadze bildirib.