Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirildi
28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Tbilisi şəhərində möhtəşəm rəsmi qəbul təşkil edilib.
InterPress.ge xəbər verir ki, mərasimdə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, deputatlar, elm və ictimaiyyət nümayəndələri, din xadimləri, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndələr və icma üzvləri iştirak ediblər.
Tədbirin keçirildiyi otelin zalı və foyesi Azərbaycan bayraqları, milli atributlar və xalçaçılıq sənətinin nümunələri ilə bəzədilib.
Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək vurğulayıb ki, 2024-cü il Azərbaycan, Gürcüstan və bütövlükdə region üçün əlamətdar ildir. O, 1918-ci ilin may ayında əvvəlcə Gürcüstanın, ardınca Azərbaycanın müstəqillik elan etdiyini və Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin qəbul olunduğunu qeyd edib.
Faiq Quliyev çıxışında Gürcüstan-Azərbaycan əlaqələrinə də diqqət çəkərək bildirib ki, Azərbaycanın inkişaf strategiyasında Gürcüstan xüsusi yer tutur. İki ölkə arasında strateji tərəfdaşlığın əsası 1996-cı ildə ümummilli lider Heydər Əliyevin Tbilisiyə etdiyi tarixi səfər zamanı qoyulub. Həmin səfərdə imzalanan sənədlər ikitərəfli əməkdaşlığın prioritetlərini müəyyən edib və bu çərçivədə regionda bir sıra mühüm layihələr gerçəkləşdirilib. Bununla da Cənubi Qafqazın geosiyasi və iqtisadi xəritəsində yeni reallıqlar yaranıb.
Səfir, həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Qələbə nəticəsində uzun illər davam edən münaqişənin həll olunduğunu, xalqla dövlətin birliyinin və Prezident İlham Əliyevin liderliyinin qələbəni təmin etdiyini vurğulayıb.
Daha sonra Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili də çıxış edərək Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. O, Gürcüstan və Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdə inkişaf etdiyini bildirib və parlamentlərarası əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində Azərbaycan məhsullarının nümayiş olunduğu stend, habelə Azərbaycan tarixini və füsunkar təbiətini əks etdirən rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.




