28 
May
2025
10:41
289

Vaxtanq Qomelauri vəzifəsindən istefa verib

Daxili İşlər Naziri və Baş nazirin müavini Vaxtanq Qomelauri istefa verdiyini bəyan edib.

InterPress.ge xəbər verir ki, o,  bununla bağlı yayımladığı müraciətdə bildirib.

“Cəmiyyətə məlumat vermək istəyirəm ki, Gürcüstanın Daxili İşlər Naziri vəzifəsindən istefa vermək qərarını qəbul etdim. Bu qərar mənim üçün asan deyildi. 2011-ci ildən etibarən cənab Bidzina İvanişvilinin rəhbərlik etdiyi mübarizənin iştirakçısı olmuşam. Bu mübarizə ölkəmiz üçün dönüş nöqtəsi oldu. Mənim üçün çox dəyərlidir və qürurvericidir hökumət komandasının rəhbərliyi ilə əldə olunan bütün uğurlar. Buna görə də, komandaya sadiq qalacağam. Gələcəkdə də, lazım gələrsə, ölkəmizə və hökumətə dəstək olmağa hər zaman hazıram.

10 ildən artıqdır ki, Gürcüstanın Daxili İşlər Naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Baş nazirin müavini vəzifələrində çalışmışam. Bu illər ərzində yüksək dövlət vəzifələrində olmaq olduqca gərgin və çox enerji tələb edən bir iş idi. Bu gün isə, ölkədə vəziyyətin sabit olduğu bir vaxtda, komandadan istefa verməyə icazə istədim ki, ailəmə – həyat yoldaşıma, övladlarıma və yeni dünyaya gələn nəvəmə daha çox vaxt ayıra bilim.

Cənab Bidzina İvanişviliyə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onun mənə göstərdiyi etimad sayəsində yüksək vəzifələrdə ölkəmə xidmət etmə şansı əldə etdim. Onun etimadı və nümunəsi mənə işimə vicdanla yanaşmağa və Gürcüstanın dövlətçiliyinin möhkəmləndirilməsinə öz töhfəmi verməyə xüsusi stimul verdi.

Baş nazir cənab İrakli Kobaxidzeyə və bütövlükdə hökumət komandasına təşəkkür edirəm. Onların dəstəyini həmişə hiss etmişəm və onlar da bu qərarımla bağlı anlayış göstərdilər.

Daxili İşlər Nazirliyinin hər bir əməkdaşına, hər bir qəhrəman polisinə, yanğınsöndürən-xilasedicisinə və illərlə ölkəmizin təhlükəsizliyi üçün çalışdığımız hər kəsə təşəkkürümü bildirirəm. Hər birinə və gələcək nazirlərə uğurlar arzulayıram.

Mən ölkəmə və komandama sadiq olaraq qalacağam. Ölkəmə və hökumətimizə sülh, təhlükəsizlik və qarşıya qoyulan bütün məqsədlərin həyata keçirilməsini arzu edirəm.Hörmətlə,

Polis general-polkovniki Vaxtanq Qomelauri"- o , yazıb.

Bizimlə əlaqə saxlayın