22 
May
2025
12:50
148

QHT-lər və media təşkilatları “Xarici agentlər” haqqında qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət ediblər

"Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası”, “Monitor Studiya”, “Georgia’s Reforms Associates” (GRASS) və bu təşkilatların rəhbərləri Konstitusiya Məhkəməsinə iddia ərizəsi təqdim ediblər.

InterPress.ge xəbər verir ki,onlar “Xarici agentlərin qeydiyyatı haqqında akt”ın ləğv edilməsini və məhkəmə prosesi yekunlaşanadək müvafiq qanun müddəalarının icrasının dayandırılmasını tələb edirlər.

Məlumatda bildirilir ki, ərizə 2025-ci il mayın 15-də təqdim olunub. Təşkilatlar bəyan ediblər ki, “Gürcü Arzusu” 2025-ci il aprelin 1-də qəbul etdiyi qanun – “xarici agentlərin qeydiyyatı haqqında akt” (FARA) Gürcüstan Konstitusiyasını pozur və müstəqil QHT və medianın susdurulmasını, nüfuzdan salınmasını və təqibini, o cümlədən cinayət məsuliyyətinə cəlb edilməsini hədəfləyir.

Hökumət bu qanunu ABŞ-ın 1938-ci ildə qəbul etdiyi FARA ilə müqayisə edir. Lakin iddia müəllifləri vurğulayırlar ki, ABŞ-da bu qanunun məqsədi müstəqil təşkilatların deyil, düşmən xarici qüvvələrin agentlərinin ifşa olunmasıdır və qanun yalnız bu agentlərin donorun göstərişlərinə tam tabe olduğu hallara şamil olunur.

Qeyd olunub ki, Gürcüstan və ABŞ hüquq sistemləri fərqlidir: ABŞ-da ümumi hüquq sistemi hökm sürür və burada qanunların məzmununu məhkəmə formalaşdırır, Gürcüstanda isə kontinent hüquq sistemi mövcuddur və hüquqi öhdəliklər qanun mətnindən birbaşa çıxarılmalıdır. Bu baxımdan, ümumi hüquq sistemindən alınan qanunların məhz həmin sistemdəki məhkəmə təcrübəsinə əsaslanmadan tətbiqi hüquqi qeyri-müəyyənliklər yaradır.

İddiada vurğulanıb ki, qanun antikorrupsiya bürosuna, prokurorluğa və məhkəməyə balanssız və geniş səlahiyyətlər verir. Bu isə qanunun özbaşına və selektiv şəkildə tətbiqi riskini artırır. Üstəlik, bu qurumların “Gürcü Arzusu” tərəfindən tam nəzarətdə saxlandığı qeyd olunur və iddia edilir ki, qanun faktiki və hüquqi əsaslar olmadan, tənqidi mövqedə olan təşkilatlara qarşı istifadə oluna bilər.

Bəyanatda deyilir: “Qanun müddəalarının qeyri-müəyyənliyi real təhlükə yaradır ki, müstəqil təşkilatlara və şəxslərə qarşı bu qanun repressiya vasitəsinə çevrilsin. Bu narahatlığı son günlərdə antikorrupsiya bürosunun rəhbərinin verdiyi geniş şərhlər də təsdiqləyir. Qanunun dərhal və bərpaolunmaz zərərlərə səbəb olmaması üçün Konstitusiya Məhkəməsi mübahisələndirilən müddəaların icrasını dərhal dayandırmalıdır. Məhkəmənin sürətli və Konstitusiyaya uyğun hərəkət edəcəyini gözləmirik, lakin konstitusiya ilə bizə verilmiş hüquqları müdafiə etmək üçün hüquqi mübarizənin bütün formalarından istifadə etməyi vacib hesab edirik.”

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər