
Salome Samadaşvili: Parlamentdə yaradılan istintaq komissiyası siyasi repressiya alətidir
“Lelo – Güclü Gürcüstan” partiyasının üzvü Salome Samadaşvilinin sözlərinə görə, Gürcüstan Parlamentində yaradılmış müvəqqəti istintaq komissiyası “siyasi repressiya üçün istifadə olunan bir alətdir”.
InterPress.ge xəbər verir ki, bu barədə Samadaşvili Tbilisi Şəhər Məhkəməsində Badri Caparidzenin ilkin məhkəmə iclası başlamazdan əvvəl jurnalistlərə verdiyi müsahibəsində bildirib.
“Cəmiyyət çox gözəl görür ki, bu qeyri-konstitusion komissiya qeyri-legitim parlamentdə yaradılıb və sadəcə siyasi təqibin vasitəsidir. Hamıya aydındır ki, ‘Milli Hərəkat’ hakimiyyətinin araşdırılması üçün yaradılmış bu komissiyaya ilk olaraq Mamuka Xazaradze və Badri Caparidzenin çağırılması absurddur. Bu göstərir ki, bizim siyasi birliyimiz və liderlərimiz bu gün rus rejiminin əsas hədəflərindən biridir. Görəcəyik, Bidzina İvanişvilinin prokurorluğu nə tələb edəcək. Bilirik ki, məhkəmə tamamilə idarə olunan bir vasitədir və verilən siyasi sifarişə uyğun hərəkət edir.
Rejim bu gün və ya növbəti günlərdə hansı qərarı qəbul edəcək, fərq etməz – bizim mübarizəmiz yalnız güclənəcək. Sonda bütün siyasi məhbusların azad olunmasına və yeni parlament seçkilərinin təyin olunmasına nail olana qədər dayanmayacağıq,” – deyə o bildirib.
Samadaşvili həmçinin Qərblə Gürcüstan hakimiyyəti arasında münasibətlərin “yenidən başladılması” imkanlarına da toxunub:
“Bu hakimiyyətin heç bir potensialı və şansı yoxdur ki, münasibətləri yenidən başlatsın. Rejim öz təbliğat kanalları ilə cəmiyyəti aldatmağa çalışır – məsələn, guya Fransa prezidenti əlifba sırasına görə Kobaxidzenin yanında oturmalı idi, amma bunu elə təqdim etdilər ki, sanki xüsusi bir görüş olmuşdu. Tirandakı görüşün necə başa çatdığını gördük – Avropa tərəfdən bir dənə də olsun bəyanat gəlmədi ki, münasibətlərin yenidən başlanmasına dair hər hansısi potensial var. ‘MEGOBARI Aktı’ tam sürətlə irəliləyir və yaxın gələcəkdə qanuna çevriləcək. Bu səbəbdən, bu hakimiyyətin münasibətlərin yenidən qurulması üçün heç bir şansı yoxdur. Əgər bu gün ölkədə 50 siyasi məhbusdan əlavə yeni siyasi məhbuslar da yaranarsa, Bidzina İvanişvilinin rejimi daha dərin bir çıxmaza girəcək,” – deyə Samadaşvili əlavə edib.