17 
May
2025
12:15
145

Ukrayna: Rusiyaya təzyiq artmalıdır – Kiyev tam və davamlı atəşkəs tələb edir

Ukraynanın xarici işlər naziri Andrey Sibiga bildirib ki, tam və davamlı atəşkəsin əldə olunması üçün Rusiyaya qarşı təzyiqin artırılması vacibdir.

InterPress.ge xəbər verir ki, o, bu barədə sosial şəbəkə “X”də yazıb.

Nazir qeyd edib ki, Türkiyədə keçirilən görüşdən sonra Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallasla əlaqə saxlayıb və əldə olunan nəticələr barədə müzakirələr aparıb. “Qətllərin dayandırılması və tam, davamlı atəşkəsin əldə olunması üçün Moskvaya təzyiq artırılmalıdır”, – deyə Sibiga bildirib.

Xatırladaq ki, 16 mayda İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Ukrayna heyətinə müdafiə naziri Rustem Umerov, Rusiya tərəfinə isə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edib. Görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edib.

Bloomberg-in məlumatına görə, Rusiya tərəfi Ukrayna üçün qəbuledilməz bir sıra şərt irəli sürüb. Bu şərtlərə Ukraynanın neytral status qəbul etməsi, ərazisində xarici qoşunların və ya kütləvi qırğın silahlarının yerləşdirilməməsi, Rusiyadan təzminat tələbindən imtina, həmçinin Rusiya tərəfindən qismən işğal olunmuş Krım və daha dörd regionun itirilməsinin tanınması daxildir.

Danışıqlardan sonra Ukraynanın müdafiə naziri Rustem Umerov bəyan edib ki, görüşdə atəşkəs və humanitar məsələlər, habelə Ukrayna və Rusiya liderləri səviyyəsində mümkün görüş müzakirə olunub.

Bizimlə əlaqə saxlayın