
Aytac Məmmədovanın faciəsi ilə bağlı Aqil Mustafayevdən açıqlama: “Bu, hakimiyyətin utancıdır”
“Güclü Gürcüstan” koalisiyasının üzvü və “Lelo” partiyasının Kvemo Kartli üzrə nümayəndəsi Aqil Mustafayev 21 yaşlı Aytac Məmmədovanın faciəli ölümü ilə bağlı açıqlama yayıb.
InterPress.ge xəbər verir ki, o, Aytacın tapılması ilə bağlı mövcud vəziyyəti tənqid edib və məsul qurumların laqeyd münasibətini kəskin şəkildə pisləyib.
Mustafayev bildirib ki, Aytacın meyiti təsadüfən, Kür çayının su səviyyəsinin aşağı salınmasından sonra aşkarlanıb. Onun sözlərinə görə, artıq uzun müddət idi ki, heç bir dövlət qurumu Aytacın axtarışı ilə məşğul olmurdu və o, digər insanların axtarışı zamanı təsadüfən tapılıb.
“Faciənin böyüyü təkcə Aytacın itkin düşməsində deyil – həqiqi faciə onun yoxluğuna qarşı hakimiyyətin göstərdiyi laqeydlikdədir,” – deyə Mustafayev qeyd edib.
Açıq mətnlə etnik ayrı-seçkilik probleminə toxunan Mustafayev bildirib ki, Gürcüstanda insan həyatının dəyəri etnik mənsubiyyətə görə fərqli şəkildə qiymətləndirilir:
“Bu, bir insanın, bir ailənin deyil – bir toplumun dərdidir. Bu, ikili standartdır. Bu, vətəndaşa münasibətdə ayrı-seçkiliyin açıq sübutudur. Bu, hakimiyyətin utancıdır!”
Mustafayev Aytacın ailəsinə səbir, ona isə Allahdan rəhmət diləyib.