Amerika və Avropa parlamentariləri Portuqaliyanı “Gürcü arzusu” nümayəndələrinin ATƏT Parlament Assambleyasında iştirakına mane olmağa çağırırlar
ABŞ-ın Helsinki Komissiyası və bir sıra Avropa ölkələrinin ATƏT Parlament Assambleyasındakı nümayəndələri Portuqaliyanın Baş naziri Luis Montenegroya birgə məktubla müraciət edərək, “Gürcü Arzusu” hakimiyyətinin nümayəndələrinin 2025-ci ilin iyun-iyul aylarında Portuda keçiriləcək ATƏT PA-nın 32-ci illik sessiyasında iştirakının qarşısını almağa çağırırlar.
InterPress.ge xəbər verir ki, müvafiq məktubu ABŞ Helsinki Komissiyası yayıb
Məktubda deyilir ki, “Gürcü Arzusu” hökuməti sistemli şəkildə Gürcüstanda demokratik institutlara zərbə vurur, geniş yayılmış seçki saxtakarlığı, dinc etirazların zorakı şəkildə dağıdılması, jurnalist və vətəndaş fəallarının həbsi ilə məşğuldur. Bu addımlar, məktub müəlliflərinin fikrincə, ATƏT-in və Portuqaliyanın müdafiə etdiyi dəyərlərə tamamilə ziddir.
Məktub müəllifləri hesab edirlər ki, “Gürcü Arzusu”nun nümayəndələrinin sessiyada iştirakı onların “repressiv idarəçiliyinin legitimləşdirilməsi” olacaq və onlar belə nüfuzlu platformaya layiq deyillər.
“Bu şəxslərin iştirakına icazə vermək ATƏT-in əsas prinsiplərini zəiflədəcək və Gürcüstanda və ondan kənarda demokratiya uğrunda mübarizə aparanlara yanlış mesaj göndərəcək”, – deyə vurğulanır.
Məktuba ABŞ, Birləşmiş Krallıq, Polşa, Latviya, Litva, Ukrayna və İsveçin ATƏT PA-dakı nümayəndə heyətlərinin rəhbərləri və üzvləri imza atıblar. Məktubda Portuqaliya hökumətindən açıq şəkildə tələb olunur ki, bu şəxslərə viza verilməsin və onların Assambleyaya girişi əngəllənsin.


