.jpeg)
Nərgiz Əliyeva: “Əgər bu tədbirlər bir gündə görülə bilirdisə, bəs niyə Aytac 40 gün axtarıldı?”
Marneuli Bələdiyyəsinin deputatı Nərgiz Əliyeva 21 yaşlı Aytac Məmmədovanın Kür çayında meyitinin tapılması ilə bağlı gecikmiş tədbirləri tənqid edib.
InterPress.ge xəbər verir ki, o bu barədə fikirlərini Meta (Facebook) sosial şəbəkəsində yazıb.
O bildirib ki, əgər Kür çayına düşən avtomobil hadisəsindən sonra mümkün olan tədbirlər dərhal həyata keçirilə bilirdisə, Aytacın axtarışı zamanı bu niyə edilməyib?
“40 gündür bizim qızımızın itkin düşdükdən sonra axtarışları zamanı nədən dünəndən bəri görülən tədbirlər görülmədi? Kürə düşən və faciəylə üzləşən hər bir vətəndaşımız mənim üçün əzizdir, millətindən asılı olmayaraq. Amma görünən budur ki, burada ayrıseçkilik var,” – deyə Əliyeva bildirib.
Deputat həmçinin Aytac Məmmədovanın ölüm səbəbinin tam və şəffaf araşdırılmasını tələb edib: “Əgər intihardırsa, səbəbkarlar cəzalanmalıdır, əgər qətldirsə, qatil tapılmalıdır. Bu məsələdə hər kəs oyaq olmalıdır. Qadın hüquqlarından danışanlar bu mövzuda da fəallıq göstərməlidirlər.”
Əliyeva digər siyasi nümayəndələri də susqunluğa görə tənqid edib: "Adı olub özü olmayan "nümayəndələrimiz", "deputatlar" yenə qış yuxusundadır. Seçkidə yenə bu xalqa yalvaracaqsınız, bəlkə bir səsinizi çıxarasınız? Əziz xalqın bəzi nümayəndələri, bəlkə bu cür hallar sizi də oyada?!"
Nərgiz Əliyeva faciəvi şəkildə həyatını itirənlərə Allahdan rəhmət diləyərək, belə hadisələrin təkrarlanmaması üçün məsul qurumların üzərinə düşən öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğulayıb.