15 
May
2025
09:40
573

Ceyhun Məhəmmədəli ayrı-seçkilikdən danışdı: "Hökumət biabırçılıq nümayiş etdirdi”

Müxalif siyasətçi Ceyhun Məhəmmədəli 21 yaşlı Aytac Məmmədovanın Mtkvari (Kür) çayında meyitinin tapılması ilə bağlı Gürcüstan hakimiyyətini tənqid edib.

InterPress.ge xəbər verir ki,  o bu barədə Meta (Facebook) sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bu hadisə bir daha sübut etdi ki, hökumət azərbaycanlı icmaya qarşı ədalətsiz və etinasız münasibət sərgiləyir.

“Görün, bu nə qədər rüsvayçı yanaşmadır: 45 gün əvvəl Aytac Məmmədova Mtkvari çayına düşür, ailə səs-küy salır, yalvarır ki, çayın suyu azaldılsın, axtarış ciddi aparılsın – amma heç bir reaksiya verilmir. Dünən çaya avtomobil düşdü, üç nəfər itdi və dərhal tədbir görülərək suyun səviyyəsi azaldıldı. Və nəticədə təsadüfən Aytacın meyiti tapıldı. Sual yaranır: niyə 45 gün əvvəl bu addımı atmadılar?”, – deyə Məhəmmədəli bildirib.

O qeyd edib ki, ailə bu müddət ərzində öz gücü ilə qızı axtarıb, amma dövlət səviyyəsində heç bir səmərəli yardım göstərilməyib. “Ailə açıq deyirdi ki, qız azərbaycanlı olduğu üçün məsələ ciddiyə alınmır. Bu, sadəcə ayrı-seçkilik deyil, insanlığa zidd bir davranışdır”, – deyə o əlavə edib.

Xatırladaq ki, 14 may səhərində baş verən yol qəzası nəticəsində Kür çayına düşən avtomobildəki sərnişinlərin xilas edilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən xilasetmə tədbirləri aparılıb. Bu çərçivədə çayın məcrasında suyun səviyyəsinin təbii həddədək azaldılacağı bildirilmişdi.

Belə ki, apraılan xilasetmə tədbirləri nəticəsində Aytac Məmmədovanın meyiti Kür çayında çaya düşdüyü ehtimal edilən nöqtəyə yaxın ərazidə tapılıb. Onun meyiti ekspertizaya göndərilib və müyyən edilib ki, cəsəd Aytac Məmmədovaya məxsusdur. 

Bizimlə əlaqə saxlayın