Parlament: ABŞ-ın Çinlə münasibətləri ilə eyni səviyyədə Gürcüstanın da Çinlə əlaqələri var
ABŞ-ın Çinlə qurduğu siyasi və iqtisadi əlaqələrlə eyni səviyyədə münasibətlər Gürcüstanla Çin arasında da mövcuddur.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin “MEGOBARI Aktı”na cavab olaraq hazırladığı bəyanat layihəsində qeyd olunur.
Bəyanatda Gürcüstanın Rusiya, Çin və İranla guya “uyğunsuz əlaqələr” qurduğu barədə ittihamlar “yalan və qərəzli” adlandırılır.
Parlamentin sədri Şalva Papuaşvilinin təqdim etdiyi sənəddə deyilir:
“Gürcüstan ərazisinin 20%-i Rusiya tərəfindən işğal olunmuş vəziyyətdədir. ABŞ və Avropa ölkələrinin əksəriyyətindən fərqli olaraq, Gürcüstanın Rusiya ilə hətta diplomatik münasibətləri də yoxdur. 2012-ci ildən bəri heç bir gürcü siyasətçisi Rusiyaya səfər etməyib. Gürcüstanın Rusiya ilə ticarət dövriyyəsinin payı 12%-dən azdır.”
Bəyanatda vurğulanır ki, ABŞ, Aİ və Böyük Britaniyanın müşahidə missiyası Gürcüstanın öz ərazisinin Rusiya üçün sanksiyalardan yayınma vasitəsinə çevrilməsinə yol vermədiyini təsdiqləyib. Bu faktı keçmiş ABŞ administrasiyası dövründə dövlət katibinin müavini Ceyms O’Brayen də Senata təqdim edib.
Sənədə görə, Gürcüstan 2022-ci ilin fevralından bu yana Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən, Rusiyanın təcavüzünü pisləyən 600-dən çox beynəlxalq akta qoşulub. Parlament bəyan edir ki, Gürcüstanın Rusiya ilə münasibətləri regionun digər ölkələri – o cümlədən Moldova, Litva və Latviya ilə müqayisədə daha zəifdir.
“Gürcüstan və Çin arasında siyasi-iqtisadi əlaqələr elə bir səviyyədədir ki, həmin səviyyə ABŞ-Çin münasibətlərində də mövcuddur. Gürcüstan parlamenti prezident Trampın Çinlə əməkdaşlığı dərinləşdirməklə bağlı optimist açıqlamalarını diqqətlə izləyir. Belə bir fonda, ABŞ-ın Gürcüstanla Çin arasındakı əlaqələrə görə tənqidi tamamilə anlaşılmazdır.”
Bəyanatda həmçinin Gürcüstan və İran arasındakı münasibətlərə dair ittihamlar da haqsız adlandırılır:
“İranın region ölkələri ilə əlaqələrinin fonunda Gürcüstanla münasibətləri bu səviyyəyə belə çatmır. ABŞ tərəfindən aparılan spekulyasiyalara səbəb olan hadisə isə Gürcüstanın baş nazirinin İran prezidentinin andiçmə mərasimində iştirakı oldu. Halbuki, bu mərasimdə Aİ və ABŞ-la strateji tərəfdaş olan digər ölkələrin də yüksək səviyyəli nümayəndələri iştirak edirdi.”
Parlamentin bəyanat layihəsində sonda deyilir:
“Bu yalan və ədalətsizliklərin hamısı onu göstərir ki, ‘MEGOBARI Aktı’ Gürcüstana qarşı ‘dərin dövlət’in kobud və düşmən münasibətindən irəli gəlir. ABŞ Konqresi, ‘dərin dövlət’dən müstəqil olaraq hərəkət etmək əvəzinə, əvvəlki administrasiyanın tətbiq etdiyi ədalətsiz sanksiyaları ləğv etməyi deyil, əksinə, yeni sanksiyaların tətbiqini tələb edir.”


