Daha bir avtomobil Kür çayına düşüb
Daxili İşlər Nazirliyi Kür çayının sol sahilində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin çaya düşməsi ilə bağlı açıqlama yayıb.
InterPress.ge xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, avtomobildə bir neçə sərnişin olub.
Hadisə barədə məlumat daxil olan kimi yanğınsöndürən-xilasedicilər axtarış və xilasetmə işlərinə başlayıblar. Onların operativ müdaxiləsi nəticəsində bir nəfər sağ-salamat sudan çıxarılıb.
Avtomobildə olan digər şəxslərin axtarışı və xilas olunması üçün tədbirlər fasiləsiz davam etdirilir. Əməliyyata dalğıc qrupu, xüsusi texnika və su vasitələri cəlb olunub.
Nazirliyin bildirdiyinə görə, xilasetmə işləri çərçivəsində Kür çayının məcrasında suyun səviyyəsinin təbii həddədək endirilməsi planlaşdırılır. Bu, su axınının rejimində dəyişikliklərlə müşayiət olunacaq.
Əhalidən xahiş olunur ki, ehtiyatlı olsunlar və Ortacala HES-in aşağı biefi istiqamətində, çay yatağının yaxınlığında hərəkət etməkdən çəkinsinlər.


