
Aİ səfiri: Gürcüstan hökumətinin son addımları ölkəni Aİ-dən uzaqlaşdırır və bunun nəticələri olacaq
Gürcüstan hökumətinin son bir ildə qəbul etdiyi qərarlar, qanunlar və hərəkətlər ölkəni Aİ-yə yaxınlaşdırmaq əvəzinə, ondan uzaqlaşdırır və bunun nəticələri olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstandakı Avropa İttifaqının səfiri Pavel Herçinski jurnalistlərə bildirib.
“Gürcüstan mühüm islahatları həyata keçirməlidir. Bu islahatlar yalnız Gürcüstan üçün deyil – bunlar Aİ-yə qoşulmaq istəyən hər bir ölkə üçün tələb olunan islahatlardır. Təəssüf ki, Gürcüstana namizəd statusu verildiyi andan biz nə bir irəliləyiş, nə bir fürsət, nə də bir arzu görürük ki, Gürcüstan tezliklə bizim üzvümüz olsun. Əksinə, son bir ildə Gürcüstan hökumətinin hərəkətləri, qərarları və qanunvericiliyi ölkəni Aİ-dən uzaqlaşdırır və bu, nəticəsiz qalmayacaq. Mənim üçün məyusedicidir ki, dünən keçirilən Aİ-nin xarici işlər nazirləri və namizəd ölkələrin vacib görüşündə Gürcüstan iştirak etmədi,” – deyə səfiri qeyd edib.
Herçinski, həmçinin, etiraz aksiyalarında saxlanılan şəxslərə toxunaraq bildirib ki, onlar azad edilməlidirlər: “Hazırda bir çox insan haqsız yerə həbs olunub. Buna görə də biz zorakılıq tətbiqinə görə məsuliyyət daşıyan gürcü rəsmilərinə sanksiyalar tətbiq etməyə çalışırıq. Təəssüf ki, Aİ səviyyəsində sanksiyalar üçün yekdillik lazımdır və hələ ki, bəzi üzv ölkələr bu yekdilliyə qoşula bilmir. Buna görə də bəzi Aİ ölkələri ikitərəfli sanksiyalar tətbiq etməyə başlayıb və bu say artmaqdadır.”
Sonda o vurğulayıb ki, Aİ-nin Gürcüstana dəstəyi əsasən hökumətə ayrılan birbaşa büdcə dəstəyi və nazirliklərlə sıx işləyən tərəfdaşlar vasitəsilə həyata keçirilir.