
Matikaşvili: “MEGOBARI Aktı” Gürcüstan üçün dostluq ruhunu əks etdirmir, “qlobal dərin dövlətin” izi açıq görünür
"Bu sənəd heç bir halda Gürcüstanla dostluq ruhunu əks etdirən sənəd deyil və burada “qlobal dərin dövlətin” izi açıq şəkildə görünür."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin Prosedur Məsələləri və Qaydalar Komitəsinin sədri David Matikaşvili ABŞ Konqresində müzakirəyə çıxarılan “MEGOBARI Aktı” barədə danışaraq bildirib.
“Bu sənəd təəssüf ki, heç bir halda dost aktı deyil. Biz ABŞ-ın yeni administrasiyasından tamamilə fərqli gözləntilərə sahibik. Donald Tramp administrasiyasının, ABŞ-ın yeni prezidentinin ritorikası, bəyanatları və siyasi xəttinin leitmotivləri “Gürcü Arzusu”nun, Gürcüstan hökumətinin ritorikası və siyasəti ilə böyük ölçüdə üst-üstə düşür. Bu baxımdan bizim üçün vacibdir ki, mövcud beynəlxalq vəziyyət kontekstində münasibətlərin əsaslı şəkildə yenidən qurulması, yeni səhifədən başlanması və real strateji tərəfdaşlıq baş tutsun, yalnız kağız üzərində qalmasın.
Bu utancverici sənəd isə, təbii ki, heç bir halda Gürcüstanla dostluq ruhuna malik sənəd deyil. Burada “qlobal dərin dövlətin” təsiri çox açıq və birmənalı şəkildə hiss olunur. Biz ümid edirik ki, ABŞ-ın yeni administrasiyası dövründə münasibətlər əsaslı şəkildə yenidən başlayacaq və bu cür utancverici sənədlər Gürcüstan-Amerika əlaqələrinin yenilənməsinə mane olmayacaq”, – deyə Matikaşvili bildirib.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası bu gün “MEGOBARI Aktı”nı müzakirə edir. Xatırladaq ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi sözügedən aktı bu il martın 27-də təsdiqləyib. “MEGOBARI Aktı”nı ilk dəfə ötən il konqresmen Co Uilson təqdim etmişdi. Bu il isə o, konqresmen Stiv Koun (Demokrat), Riçard Hadson (Respublikaçı) və Mark Vizi (Demokrat) ilə birlikdə 119-cu çağırış Konqresə yenidən təqdim edib. Konqresmenlərin açıqlamasına görə, akt Gürcüstan xalqına dəstəyi ifadə edir və insan hüquqlarının pozulması və demokratiyanın zəiflədilməsi səbəbindən Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutur.