
Gürcüstan XİN: Avropa Şurası Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü bir daha dəstəkləyir
2025-ci il aprelin 30-da Avropa Şurasının Nazirlər Komitəsi gündəlikdəki “Avropa Şurası və Gürcüstandakı münaqişə” məsələsi çərçivəsində 12-ci qərarını qəbul edib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Avropa Şurası və təşkilatın 46 üzv dövləti Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenliyi və ərazi bütövlüyünə bir daha möhkəm dəstəyini ifadə edir.
“Qərarda qeyd olunub ki, Rusiya Federasiyası beynəlxalq öhdəliklərini, o cümlədən Avropa İttifaqının vasitəçiliyi ilə imzalanmış 2008-ci il 12 avqust atəşkəs razılaşmasını pozur və Gürcüstanın Abxaziya və Tsxinvali bölgələrində qanunsuz hərbi mövcudiyyətini davam etdirir.
Nazirlər Komitəsinin qərarında üzv dövlətlər bir daha Avropa Şurasının 2023-cü il Reykyavik Zirvəsinin tarixi Bəyannaməsini alqışlayırlar. Bəyanatda təşkilatın üzv ölkələrinin liderləri Rusiyanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və Gürcüstanın işğal olunmuş ərazilərindən qoşunlarını dərhal, tam və qeyd-şərtsiz çıxarmağa çağırıblar,” – deyə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.