25 
Apr
2025
15:09
139

“NATO-nun 2024-cü il hesabatında Gürcüstan və Ukrayna ilə üzvlük perspektivi qeyd olunmayıb”

Müttəfiqlər tərəfdaş ölkələrlə, o cümlədən Ukrayna və Gürcüstanla fəal əməkdaşlıq edirlər.

InterPress.ge xəbər verir ki,  bu barədə NATO-nun Baş katibi Mark Rutte-nin 2024-cü il üzrə illik hesabatında deyilir.

“Avroatlantik regionda müttəfiqlər 16 tərəfdaş ölkə ilə həm ikitərəfli şəkildə, həm də Avroatlantik Tərəfdaşlıq Şurası və “Sülh naminə tərəfdaşlıq” proqramı vasitəsilə fəal əməkdaşlıq edirlər. Bu tərəfdaşlar arasında NATO Ukrayna və Gürcüstanla münasibətlər üçün xüsusi strukturlar yaradıb,” – deyə hesabatda qeyd olunur.

Sənəddə bildirilir ki, NATO Cənubi Qafqazda iştirakı Tbilisidə yerləşən NATO-nun əlaqələndirici ofisinin dəstəyi ilə davam etdirir.

“Eyni zamanda, NATO ilə Gürcüstan arasında praktiki əməkdaşlıq da davam edib. Bu əməkdaşlıq Gürcüstanın təhlükəsizlik və müdafiə qabiliyyətlərinin gücləndirilməsinə və NATO ilə uyğunluğun artırılmasına yönəlib,” – deyə hesabatda vurğulanır.

Bununla belə, NATO-nun 2024-cü il hesabatında əvvəlki sənədlərdən fərqli olaraq, Gürcüstan və Ukraynanın alyansa üzv olacağı ilə bağlı konkret qeyd yer almır.

Xatırladaq ki, NATO-nun 2023-cü il hesabatında belə bir ifadə yer almışdı: “Vilnüs Sammitinin bəyannaməsində müttəfiqlər Ukraynanın gələcəyinin NATO-da olduğunu bəyan etdilər və alyans Ukraynanı üzvlük yolunda dəstəkləyəcək. Bəyanat həmçinin təsdiqlədi ki, müttəfiqlər Gürcüstanın NATO-ya üzvlüyü məsələsində sadiq qalırlar.” Bu qeyd 2024-cü il hesabatında artıq mövcud deyil.

Bizimlə əlaqə saxlayın