
Mixeil Kavelashvili beynəlxalq donorların hökumət razılığı olmadan qrant verməsini qadağan edən qanun paketini imzalayıb
Mixeil Kavelashvili beynəlxalq donor təşkilatların Gürcüstan hökumətinin razılığı olmadan qrant verməsini qadağan edən qanun paketini imzalayıb.
InterPress.ge xəbər verir ki, sənəd artıq 16 aprel tarixilə rəsmi olaraq yayımlanıb və qüvvəyə minib.
Sözügedən qanun layihəsi parlament tərəfindən təcili prosedurla qəbul olunub və 80 deputat tərəfindən yekdilliklə dəstəklənib. Yeni tənzimləməyə əsasən, beynəlxalq təşkilatlara siyasi partiyalar üçün seminar, mühazirə və digər açıq tədbirlərin təşkili qadağan edilir. Hökumətin və ya onun səlahiyyət verdiyi şəxsin əvvəlcədən razılığı olmadan verilən qrantlar qanunsuz sayılacaq və bu halda qrant alan şəxsə həmin məbləğin ikiqatı qədər cərimə tətbiq olunacaq.
Qanunun icrasına nəzarəti Antikorrupsiya Bürosu həyata keçirəcək. Qanunda bəzi istisnalar da nəzərdə tutulur – məhdudiyyətlər beynəlxalq idman assosiasiyalarının, federasiyaların və komitələrin verdiyi qrantlara, xaricdə orta və ali təhsil, eləcə də elmi tədqiqat məqsədilə ayrılmış fərdi təqaüdlərə şamil edilmir.
Qeyd edək ki, qanun layihəsinin təşəbbüskarı “Gürcü Arzusu” fraksiyasıdır.