
Gürcüstanda sığınacaq axtaran əcnəbilərlə bağlı yeni qanun dəyişiklikləri hazırlanıb
Gürcüstan Daxili İşlər Nazirliyi ölkədə qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirmək, sığınacaq prosedurunun sui-istifadəsinin qarşısını almaq və beynəlxalq müdafiənin verilməsi ilə bağlı mexanizmləri təkmilləşdirmək məqsədilə “Beynəlxalq Müdafiə haqqında” qanunvericilik paketini hazırlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.
Məlumata görə, dəyişikliklər paketi artıq müzakirə üçün qanunverici orqana təqdim olunub. Qeyd olunur ki, qanunvericilik təşəbbüsü Avropa Parlamenti və Şurasının direktivlərinə uyğun hazırlanıb.
Qanun layihəsinə əsasən aşağıdakı dəyişikliklər nəzərdə tutulur:
Cinayət Məcəlləsinə yeni cəza növü əlavə olunur: əcnəbinin Gürcüstandan deportasiyası və müəyyən müddət ərzində ölkəyə daxil olmasının qadağan edilməsi;
İnzibati Xətalar Məcəlləsinə də bənzər inzibati cəza növü daxil edilir; Həmçinin Gürcüstanda qalma qaydalarını pozan əcnəbilər üçün cərimələrin məbləği artırılır; Ölkədə qeyri-qanuni yaşayan əcnəbilərin deportasiya proseduru əhəmiyyətli dərəcədə sadələşdirilir.
Sığınacaq prosedurunun sui-istifadəsinin qarşısını almaq məqsədilə:
Gürcüstana daxil olduqdan sonra 1 ay ərzində sığınacaq müraciəti etməyən şəxslər üçün sürətləndirilmiş baxılma proseduru tətbiq olunur; Yeni mexanizm tətbiq edilir: əgər əcnəbinin ölkəyə daxil olması dövlət təhlükəsizliyinə təhlükə yaradırsa, sərhəddəcə sığınacaq müraciətinə baxılacaq və şəxs ölkəyə buraxılmayacaq; Sığınacaq müraciətinə baxılma və şikayət müddətləri əhəmiyyətli dərəcədə azaldılır;
Qərarların təqdim olunması üçün elektron bildiriş sistemi tətbiq edilir, bu da şikayət müddətlərinin izlənilməsini asanlaşdıracaq;
Gürcüstanda yaşayış icazəsinin verilməsi məhdudlaşdırılacaq – əgər həmin əcnəbi barəsində deportasiya məsələsinə baxılırsa və ya deportasiya qərarı artıq verilibsə, ona yaşayış icazəsi verilməyəcək.
Qanun dəyişikliyi qəbul ediləcəyi təqdirdə Gürcüstanda miqrasiya və sığınacaq məsələlərinin daha sərt və nəzarət olunan formada həyata keçirilməsi planlaşdırılır.