
Yaranan problemdən və sakinlərin etirazından sonra Marneuli meriyası problemə müdaxilə etdi - VİDEO
Marneulidə yağan güclü yağışların yaratdığı yol problemlərindən sonra meriya məsələyə müdaxilə edib.
InterPress.ge xəbər verir ki, Giorgadze küçəsində yolun bərbad vəziyyətdə olması və avtomobillərin çuxurlarda batması ilə bağlı şikayətlərdən sonra meriyanın əməkdaşları hadisə yerinə gələrək vəziyyətlə yerində tanış olublar.
Əraziyə baxış keçirdikdən sonra meriya tərəfindən daş-çınqıl gətirilib və problemli hissəyə səpələnərək çuxurlar müvəqqəti olaraq doldurulub. Yolun hərəkətə qapalı olması və yaranmış təhlükəli şəraitin aradan qaldırılması məqsədilə görülən bu tədbirlər nəticəsində nəqliyyatın hərəkəti bərpa olunub.
Sakinlər müvəqqəti tədbirləri müsbət qarşılasalar da, uzunmüddətli həll yollarının vacibliyini vurğulayırlar. Onlar bildirirlər ki, Giorgadze küçəsində infrastrukturun köklü şəkildə yenilənməsinə ehtiyac var.