15 
Apr
2025
16:15
187

Beynəlxalq təşkilatların siyasi partiyalar üçün seminar keçirməsini qadağan edən qanun layihəsi birinci oxunuşda qəbul edildi

Gürcüstan Parlamenti 83 səslə yekdilliklə “Gürcü Arzusu” fraksiyasının təşəbbüsü ilə təqdim olunmuş qanunvericilik paketini birinci oxunuşda qəbul edib.

InterPress.ge xəbər verir ki, qanun qüvvəyə mindikdən sonra beynəlxalq təşkilatlara siyasi partiyalar üçün mühazirə, seminar və digər ictimai tədbirlərin keçirilməsi qadağan olunacaq.

Həmçinin, beynəlxalq donor təşkilatları hökumətin razılığı olmadan qrant verə bilməyəcəklər.

Dəyişikliklər “Vətəndaşların siyasi birləşmələri haqqında”, “Qrantlar haqqında” və digər əlaqəli qanunlara aiddir.

Yeni layihəyə əsasən:

Beynəlxalq təşkilatlar artıq siyasi partiyaların xeyrinə seminar, mühazirə və digər tədbirlər təşkil edə bilməz;

Xarici qrantların alınması yalnız hökumətin və ya onun səlahiyyət verdiyi şəxsin razılığı ilə mümkün olacaq;

Razılıq olmadan verilmiş qrantların qəbulu qadağan ediləcək və məsuliyyət doğuracaq.

Qanun layihəsi Antikorrupsiya Bürosuna qadağan olunmuş qrantların verilməsi və qəbulunun monitorinqini həyata keçirmə səlahiyyəti verir. Qanunu pozaraq qrant qəbul edən şəxslər qrantın ikiqat məbləği ilə cərimələnəcəklər.

İstisnalar da nəzərdə tutulub:

Hökumət razılığı tələb olunmayan hallar – beynəlxalq idman assosiasiyaları, federasiyaları və komitələrinin verdiyi qrantlar;

Gürcüstan hüdudlarından kənarda orta və ali təhsil almaq üçün verilən qrant və təqaüdlər;

Elmi-tədqiqat fəaliyyəti üçün ayrılmış fərdi təqaüdlər.

 

Bizimlə əlaqə saxlayın