
Kreditlərlə bağlı yeni qayda qüvvəyə minir
Gürcüstan Milli Bankının qərarı ilə, 2025-ci il 1 maydan qüvvəyə minəcək dəyişikliklərə əsasən, kreditin başqa maliyyə təşkilatından tam və ya qismən refinanslaşdırılması halında erkən ödəmə (öncədən bağlama) üzrə komissiyanın yuxarı həddi fiziki şəxslər və ümumi borcu 2 milyon laridən az olan hüquqi şəxslər üçün 2%-dən 0.5%-ə endiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Qurumun məlumatına görə, bu addım bir maliyyə təşkilatından digərinə borcun köçürülməsi xərclərini azaldacaq və maliyyə təşkilatları arasında rəqabəti gücləndirəcək, nəticədə müştərilərə daha sərfəli şərtlər təklif olunacaq.
Yeniliklərə əsasən, ilk dəfə olaraq sənədli əməliyyatlara (akkreditiv, sənədli inkasso, bank zəmanəti, akseptlər və s.) da erkən ödəmə üzrə komissiyanın yuxarı həddi müəyyən olunub – maksimum 2%. Bu sahə indiyə qədər tənzimlənmirdi və bəzi hallarda daha yüksək komissiyaların tətbiqi müşahidə olunurdu. Məhz buna görə Milli Bank bu sahədə istehlakçı hüquqlarının qorunması qaydalarına dəyişiklik etməyi məqsədəuyğun hesab edib.