
Şalva Papuaşvili: “QHT-lər və onların donorları bu gün nifrət təbliğinin və vətəndaş qarşıdurmasının əsas mənbəyidirlər”
"Qeyri-hökumət təşkilatları və onları maliyyələşdirən donorlar bu gün cəmiyyətə nifrət və qarşıdurma gətirməyə çalışan əsas mənbəyə çevriliblər.
InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin sədri Şalva Papuaşvili bəyan edib.
Onun sözlərinə görə, 9 Aprel – Gürcüstan üçün müqəddəs sayılan bir gün QHT-lər və onların donorları tərəfindən ləkələnib: “Onlar bu günü parçalanma və nifrət yaymaq cəhdi ilə murdarladılar.”
Papuaşvili əlavə edib ki, bu “iyrənc kampaniyanı” həyata keçirən bir neçə QHT-yə qarşı bu günədək heç bir donor məsafə saxlamayıb:
“Xatırladım, 9 Apreldə donorlar və onların QHT-ləri bizə nəyi rəva bildilər – həmin gün 9 Aprel faciəsinin qurbanlarını anmaq istəyən vətəndaşların qarşısını kəsdilər. Bu, bütövlükdə xalqı birləşdirən bir tarixdir, amma onlar bu birliyi parçalamağa çalışdılar. Bunu isə donorların maliyyələşdirdiyi QHT-lərin əli ilə etdilər.”
Papuaşvili bildirib ki, son günlərdə bir neçə QHT tərəfindən həyata keçirilən nifrət kampaniyası donorların dəstəyi ilə təşkil olunub və bu kampaniyanın içində “parlament sədrinin müavininin evinə gecəyarısı yürüş etmək, hədələmək, ölüm təhdidləri səsləndirmək kimi hallar da var”.
O vurğulayıb ki, bu kampaniyaya maliyyə dəstəyi verən donorlar hələ də susurlar:
“Bu təşkilatları maliyyələşdirən donorlar Gürcüstan cəmiyyətini heçə sayırlar. Onlar hələ də bircə kəlmə deməyiblər ki, bu hərəkətlər yolverilməzdir. Əgər açıq şəkildə mövqe bildirmək istəmirlərsə, heç olmasa, yumşaq formada bir münasibət bildirsinlər. Sadəcə bir kəlmə desinlər – bu nifrət saçan insanlara xərclədikləri pullar onlar üçün qəbulediləndirmi?” – deyə Şalva Papuaşvili bəyan edib.