
Tbilisi Beynəlxalq Hava Limanında daha bir Avropa aviaşirkəti fəaliyyətə başladı
Tbilisi Şota Rustaveli adına Beynəlxalq Hava Limanında daha bir Avropa aviaşirkəti – Edelweiss – fəaliyyətə başlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanları Birliyi məlumat yayıb.
Məlumata görə, Lufthansa Qrupuna daxil olan Edelweiss şirkəti Sürixdən Tbilisiyə ilk birbaşa reysi həyata keçirib və 151 sərnişini Gürcüstana gətirib.
“Gürcüstanın Hava Limanları Birliyi aviaşirkətlə apardığı intensiv danışıqları uğurla başa çatdırıb. Edelweiss Sürix–Tbilisi–Sürix istiqamətində müntəzəm birbaşa reysləri həftədə iki dəfə A320 tipli təyyarə ilə yerinə yetirəcək,” – deyə məlumatda bildirilir.
İlk reys münasibətilə Tbilisi Beynəlxalq Hava Limanının dövlət terminalında rəsmi qarşılama mərasimi keçirilib. Tədbirdə İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Mariam Kvrivishvili, Gürcüstandakı İsveçrə səfiri Haydi Qrau, Hava Limanları Birliyinin baş direktoru Levan Moseshvili, Mülki Aviasiya Agentliyinin direktoru Givi Davitaşvili, Avianaviqasiya idarəsinin baş direktoru Goça Mezvrishvili, Milli Turizm Administrasiyasının rəhbəri Maia Omiadze, eləcə də aviaşirkətin və TAV Georgia-nın nümayəndələri iştirak ediblər.
Sürixdən gələn ilk birbaşa reysdə İsveçrə mediasının nümayəndələri də olub. Onlar Gürcüstan Milli Turizm Administrasiyasının dəvəti ilə bir həftə ölkədə səyahət edəcək və İsveçrə mediası üçün Gürcüstan haqqında reportajlar və məqalələr hazırlayacaqlar.
Edelweiss 29 il əvvəl təsis olunmuş Swiss International Airlines-in törəmə şirkətidir və Lufthansa Qrupuna daxildir. Şirkət Sürixdən Avropa ölkələri və Amerika qitəsində ümumilikdə 90 istiqamət üzrə uçuşlar həyata keçirir. Aviabiletləri həm Edelweiss-in, həm də Swiss International Airlines-in rəsmi saytlarından əldə etmək mümkündür.