11 
Apr
2025
21:17
166

Kobaxidze: “Beş gün davam edən zorakılığı ‘sülhpərvər aksiya’ adlandırmaq həyasızlıqdır”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəzi Avropa siyasətçilərinin Gürcüstandakı etiraz aksiyaları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. O, bu çıxışların gerçək vəziyyətə uyğun gəlmədiyini və qərəzli siyasi tapşırıqların nəticəsi olduğunu bildirib.

“Siz xatırlayırsınız, beş gün ərzində konkret şəxslər tərəfindən nə qədər miqyaslı zorakılıq törədildi – dövlət binalarına hücumlar, polis əməkdaşlarına və hüquq-mühafizə orqanlarına qarşı hücumlar həyata keçirildi. Bütün bunlara ‘sülhpərvər aksiya’ deyirlər – bu, sadəcə həyasızlıqdır. Parlamentin spikeri də bunu məhz belə adlandırdı və başqa ad vermək mümkün deyil”, – deyə Kobaxidze bildirib.

Baş nazirin sözlərinə görə, bu zorakı hərəkətlərin arxasında daxili və xarici siyasi sifarişlər dayanır:

“Görünür, konkret şəxslər, o cümlədən xarici siyasətçilər, siyasi sifariş əsasında bu cür kobud və yalançı bəyanatlar verməyə məcbur olurlar. Bu, sadəcə yanlış fikir deyil – bu, açıq yalandır və ictimaiyyət bununla bağlı müvafiq nəticə çıxaracaq.”

Kobaxidze AŞPA-nın Gürcüstanla bağlı qəbul etdiyi qətnaməni də şərh edib.

“O qətnamənin bizim üçün elə bir əhəmiyyəti yoxdur. Biz vaxtilə Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırmaq qərarı verdik, çünki əvvəlki qətnamə də qərəzli və ədalətsiz yanaşmaya əsaslanırdı.”

Baş nazir onu da qeyd edib ki, Gürcüstanda keçirilmiş son parlament seçkilərində xarici müdaxilələrə baxmayaraq, sağlam düşüncə və xalqın iradəsi qalib gəlib:

“Gürcü xalqı ‘Gürcü Arzusu’nu seçdi. Avropa İttifaqının səfiri, habelə digər Avropa və ABŞ rəsmiləri seçkilərə birbaşa müdaxilə edirdilər. Seçkilərdən bir neçə gün əvvəl ‘Gürcü Arzusu’na qarşı açıq bəyanatlar verirdilər. Amma bütün bu müdaxilələrə baxmayaraq, biz qalib gəldik – əsasən də gürcü xalqı qalib gəldi. Gürcü xalqı ölkənin müstəqilliyini, azadlığını və milli maraqlarını qorudu. Hər kəs bu seçimə hörmət etməlidir”, – deyə İrakli Kobaxidze vurğulayıb.

Bizimlə əlaqə saxlayın