11 
Apr
2025
12:26
211

Rusiya ilə münasibətlərdə sülhə əsaslanan praqmatik yanaşma yürüdürük-Baş nazir

Gürcüstan Rusiya ilə münasibətlərdə sülh yönümlü və praqmatik baxışı əsas götürür, baxmayaraq ki, ölkə ərazisinin təxminən 20%-i Rusiya Federasiyası tərəfindən işğal olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxış edərək bildirib.

“Bu çətin şəraitdə belə, biz çox dinc və praqmatik yanaşma nümayiş etdiririk. Rusiya Federasiyası ilə diplomatik münasibətimiz yoxdur, lakin iqtisadi əlaqələrimiz var və Rusiya ilə intensiv ticarət tərəfdaşlığı həyata keçirilir,” – deyə Kobaxidze qeyd edib.

Baş nazir əlavə edib ki, Gürcüstan kiçik bir ölkə olsa da, 50-yə yaxın ölkə və regionla, o cümlədən Aİ, MDB ölkələri, Birləşmiş Ərəb Əmirlikləri və Çinlə azad ticarət sazişləri imzalayıb. Onun sözlərinə görə, Gürcüstan Avropa ilə Asiyanı, Qərblə Şərqi birləşdirən strateji rola malikdir və bu funksiyanın bərpası iqtisadi və siyasi tərəfdaşlığın dərinləşdirilməsi yolu ilə mümkündür.

“Dünyanın 50 ölkəsi ilə vizasız gediş-gəlişimiz var. Məqsədimiz – iqtisadi əməkdaşlığı və siyasi tərəfdaşlığı genişləndirməkdir. Bu baxışa region səviyyəsində də sahibik. Cənubi Qafqazda mürəkkəb münasibətlər olsa da, Gürcüstan daim sülhün möhkəmləndirilməsində müsbət rol oynayıb. Bütün qonşularımız bu rolu yüksək qiymətləndirir. Sülh ideyası ətrafında əməkdaşlıq dərinləşir,” – deyə Kobaxidze bildirib.

Baş nazir vurğulayıb ki, Gürcüstanın bu yanaşması nəticə verir: “2021-ci ildən bəri orta iqtisadi artım 9.4%-dir – bu, yalnız region üçün deyil, Avropa üçün də yüksək göstəricidir. Bu, bizim siyasətimizdə əsas məsələdir və diqqətimizi bu istiqamətə yönəldirik. Bütün regionda sülh formatı dərinləşir.”

Bizimlə əlaqə saxlayın