AŞPA-da çıxış: “Gürcüstan ciddi demokratik geriləmə yaşayır”
Avropa Şurası Parlament Assambleyasında Gürcüstandakı vəziyyətə dair müzakirələr zamanı Bosniya və Herseqovinadan olan deputat Sabina Çudiç bildirib ki, Gürcüstan ciddi demokratik geriləmə yaşayır.
“Üzv dövlətdəki vəziyyəti dəyərləndirərkən demokratik prinsiplərə əsaslanırıq. Bu prinsiplər bunlardır: 1) qanunun aliliyi, bərabərlik və ədalət, o cümlədən hakimiyyət bölgüsü; 2) azad və ədalətli seçkilər; 3) insan hüquqları və fərdi azadlıqların qorunması. Gürcüstanda bu sahələrdə vəziyyətin pisləşdiyini müşahidə edirik,” – deyə Çudiç bildirib.
Onun sözlərinə görə, bu vəziyyət Gürcüstan vətəndaşlarının hamısına təsir edir:
“Güclü vətəndaş cəmiyyəti sağlam demokratiyanın əsas sütunudur. Gürcüstanda isə vətəndaş cəmiyyəti üçün məkan daralır. Parlament 'xarici təsirlərin şəffaflığı haqqında' qanunu geri çağırmayıb. Bu qanun ABŞ-ın FARA qanununun gürcü versiyası kimi təqdim olunur və xarici agent kimi qeydiyyatdan yayınmağı qanunsuz edir. Monitorinq komitəsi bu qanunla bağlı Venesiya Komissiyasından təcili rəy istəyib. Hakimiyyəti həmin tövsiyələri tam şəkildə yerinə yetirməyə çağırırıq. Təəssüf ki, Gürcüstanda media mühiti də pisləşir.”
Çudiç həmçinin qeyd edib ki, Gürcüstanda daha bir narahatedici hal demokratik müxalifətin tamamilə susdurulması cəhdidir:
“Müxalifətin susdurulması Gürcüstanın Avropa Şurası qarşısında öhdəliklərini pozur. Bu, vətəndaş cəmiyyətinin və azad medianın sıxışdırılması ilə birlikdə, ölkədə avtoritarizmin formalaşması deməkdir. Müxalifətə, mediaya və vətəndaş cəmiyyətinə münasibət bizim tərəqqini necə qiymətləndirdiyimizin əsas göstəricisidir. Hakimiyyəti Avropa Şurası və Assambleya ilə dialoqu bərpa etməyə çağırırıq. Biz əməkdaşlığa hazırıq. Biz burada geriləmədən yox, tərəqqidən danışmaq istəyirik. Əsas partiyaların və müxalifətin nümayəndələrini bu müzakirələrə qoşulmağa dəvət edirik.”


