Şalva Papuaşvili: AŞPA uzun müddətdir Saakaşvilini gürcü xalqına qarşı silaha çevirib
"Assambleyadakı Saakaşvilinin himayədarı olan siyasi qruplar onu artıq uzun müddətdir gürcü xalqına qarşı bir vasitə kimi istifadə edirlər."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Şurası Parlament Assambleyasının (PACE) iclasına münasibət bildirərək qeyd edib.
Papuaşvili sosial şəbəkədə yazıb ki, Saakaşvilinin “siyasi məhbus” kimi tanınmasından və onun azadlığa buraxılmasının tələb olunmasından sonra qəbul olunan heç bir qərar və ya qətnamə təəccüblü deyil:
“Avropa Şurası Parlament Assambleyasının iclasına gəlincə, təəssüflə qeyd edirəm ki, Saakaşvilinin himayədarı olan siyasi qruplar onu artıq xeyli müddətdir gürcü xalqına qarşı silah kimi istifadə edirlər. Xatırladım ki, hələ 2022-ci ildə bu qrupların iştirakı ilə AŞPA , qəbul etdiyi qətnamədə işgəncə və biznes reketi ilə bağlı korrupsiya sistemi yaradan Saakaşvilini siyasi məhbus elan etmiş və onun azadlığa buraxılmasını tələb etmişdi. Bundan sonra qəbul olunan heç bir qərar və ya qətnamə artıq təəccüblü deyil.
Həmçinin xatırladım ki, bu ilin yanvar ayında AŞPA tərəfindən gürcü xalqının suverenliyini pozan qətnamənin qəbulundan sonra Gürcüstan parlamentinin AŞPA -dakı nümayəndə heyətinin bütün üzvləri istefa verərək Assambleyanı tərk etdilər. Hazırda Gürcüstan parlamentinin AŞPA-da nümayəndə heyəti yoxdur. Ona görə də nümayəndə heyətinin səlahiyyətlərinin tanınması məsələsi müzakirə mövzusu ola bilməz”, – deyə Papuaşvili bildirib.
O, həmçinin 5 fevralda AŞPA prezidenti Teodoros Rusopulosa ünvanladığı məktubun məzmununu da ictimaiyyətlə paylaşıb:
“Sizə yazıram ki, Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvləri öz istefa məktublarını təqdim edərək nümayəndə heyətindən getdiklərini bildiriblər. Nəticədə nümayəndə heyəti formalaşmayıb və Gürcüstan parlamentini PACE-də təmsil edə bilmir. Eyni zamanda, nümayəndə heyətinin ləğvi ilə bağlı bəzi izahlar vermək istəyirəm.
AŞPA , 29 yanvar 2025-ci il tarixli son qətnaməsində (2585 (2025)) Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin tanınması üçün şərtlər irəli sürdü. Bununla AŞPA gürcü xalqının öz hakimiyyətini seçmək hüququnu pozdu, çünki AŞPA - da nümayəndə heyətinin tanınmasının ilkin şərti kimi Gürcüstanda təkrar seçkilərin keçirilməsini tələb etdi.
AŞPA- nın gürcü xalqının seçimini tanımaqdan imtina cəhdi yalnız Gürcüstanın suverenliyinə və Avropa Şurasının fundamental dəyərlərinə və prinsiplərinə zidd deyil, həm də siyasi motivli qərarın real vəziyyəti nəzərə almadan siyasi qütbləşməni daha da dərinləşdirdiyinə dair presedent yaradır.
Ayrı-ayrı siyasi qrupların AŞPA-nı öz dar maraqları üçün alətə çevirmək cəhdi, Avropa Şurasının öz dəyərlərinə və prinsiplərinə zərbə vuran təhlükəli bir presedent yaradır. Bu cür addımlar qərəzli siyasi qruplara siyasi qisas almağa imkan verir və xalq suverenliyi kimi demokratiyanın əsas prinsiplərinə, eləcə də insan hüquq və azadlıqlarının müdafiəsi kimi Avropa Şurasının əsas dəyərlərinə ziddir.
Aydındır ki, bu cür qərarlar ilk növbədə inklüzivlik prinsipini pozur və elə AŞPA-nın özünə zərər vurur.
Gürcüstanın suverenliyinə qarşı yönəlmiş PACE-nin bu kimi sonuncu cəhdi 2022-ci il 13 oktyabr tarixli 2463 (2022) qətnamə idi. Həmin qətnamədə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili “siyasi məhbus” elan olunmuş və onun qanuni və legitim həbsi qeyri-qanuni sayılaraq azadlığa buraxılması tələb olunmuşdu.
AŞPA-da nümayəndə heyətinin ləğv olunmasına baxmayaraq, Gürcüstan hələ də Avropa Şurasının əsas dəyərlərinə və prinsiplərinə – xalqın seçiminə hörmət, əksəriyyətin idarəçiliyi ilə azlığın hüquqlarının qorunması və qanunun aliliyi prinsiplərinə sadiq qalır”, – deyə Papuaşvili qeyd edib.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası (PACE) yaz sessiyası çərçivəsində Gürcüstandakı vəziyyətlə bağlı təcili debatlar keçirəcək.


