06 
Apr
2025
20:32
262

Şalva Papuaşvili: Seçkiləri tanımayacaqsan deyirsən, amma prosedurlar barədə irad bildirirsən – bu, tərəfdarların aldatmasıdır

"Bir tərəfdən seçkiləri tanımayacaqlarını və iştirak etməyəcəklərini bildirən qüvvələrin, digər tərəfdən seçki prosedurlarına irad bildirməsi onların öz tərəfdarlarını aldatdığını göstərir."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bəyan edib.

Parlament sədrinin sözlərinə görə, MSK-nın (Mərkəzi Seçki Komissiyası) qərarları dəfələrlə ən yüksək beynəlxalq standartlara uyğunluq baxımından təsdiqlənib.

“Məsələ ondadır ki, əgər bir tərəfdən seçkiləri tanımayacaqlarını deyirlər və iştirak etmək fikirləri yoxdur, amma eyni zamanda prosedurlar barədə tənqidlər səsləndirirlərsə, bu, onların öz seçicilərini aldatdıqlarının göstəricisidir,” – deyə Papuaşvili bildirib.

O əlavə edib ki, seçkilərə və demokratiyaya qarşı yeni hücumlara hazırlıq gedir:

“Əslində, onları yenə də seçki yarışında görəcəyik. Bu isə arzuolunan deyil, çünki ekstremist partiyaların seçkilərdə iştirak etməməsi Gürcüstan demokratiyası üçün daha yaxşı olardı. MSK-nın qərarları ətrafında qoparılan süni ajiotajın xarici maliyyə hesabına aparıldığı dəfələrlə sübut olunub. Eləcə də, MSK-nın qərarlarının ən yaxşı beynəlxalq standartlara uyğunluğu da təsdiqlənib.”

Papuaşvili vurğulayıb ki, problem xarici təsir daşıyıcı QHT-lərdə deyil, onları maliyyələşdirən donorların məqsədlərindədir:

“Problem ‘ISFED’, ‘Transparency’ və digər xarici təsir alətləri olan təşkilatlarda deyil, onları maliyyələşdirənlərdədir. Əgər bu donorlar onların vasitəsilə Gürcüstan demokratiyasına hücum etdirirlərsə, bu, bizə siqnal olmalıdır ki, yenə də seçkilərə və demokratiyaya hücum hazırlanır – və bu artıq bir neçə dəfə baş verib.”

Qeyd edək ki, MSK-nın yeni qərarına əsasən, seçki günü səsvermə məntəqəsində olan şəxslər seçicinin şəxsiyyət sənədini tələb edə və ya ondan ala bilməyəcək. Həmçinin, seçicinin şəxsiyyət vəsiqəsinin, verifikasiya aparatında çıxan məlumatların, aparatdan çap olunan qəbzin və bülletendə etdiyi seçimin foto və video çəkilişi, yaxud başqa şəkildə emalı qadağan olunur.

Bizimlə əlaqə saxlayın