06 
Apr
2025
14:24
265

Papuaşvili: Bəzi siyasi qruplar hələ də başqa ölkələrin seçkilərinə təsir göstərmək üçün maliyyə resurslarından istifadə etməyə çalışır

"ABŞ administrasiyasının mövqeyi dəyişsə də, hələ də bəzi siyasi qruplar başqa ölkələrin seçki proseslərinə təsir göstərmək üçün maliyyə alətlərindən istifadə etməyə çalışır."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Böyük Britaniya tərəfindən elan olunan qrant müsabiqəsinə münasibət bildirərkən qeyd edib.

“Gördük ki, Böyük Britaniya tərəfindən yeni bir qrant elan olundu. Bu, göstərir ki, ABŞ-ın mövqeyi dəyişsə də, yenə də bəzi siyasi qruplar qalır ki, onlar pulları digər ölkələrin seçkilərinə təsir üçün istifadə etməyə çalışırlar,” – deyə Papuaşvili bildirib.

O qeyd edib ki, bu cür layihələrin korrupsiya ilə əlaqəli ola biləcəyindən şübhələnir və artıq əvvəlcədən məlumdur ki, vəsait hansı təşkilatlara veriləcək:

“Şəxsən mən korrupsiya ehtimalını da istisna etmirəm. Baxmayaraq ki, bu qrant müsabiqə kimi təqdim olunur, amma əhali özü də görəcək ki, bu pullar yenə də ‘ISFED’-ə veriləcək. Mənim fikrimcə, artıq əvvəlcədən bilinir ki, bu vəsait kimə çatacaq. Əgər belə olmazsa, onda görəcəyik ki, bu günə qədər seçkilərlə bağlı saxta hesabatlar yayan eyni təşkilatlar qalib gələcəkmi, ya yox.”

Parlament sədri əlavə edib ki, bu cür proseslərdə şəffaflıq yoxdur və guya müsabiqə formatında elan olunan layihələr əslində formal xarakter daşıyır:

“Burada vəziyyət belə olacaq – milyonlarla vəsait elə həmin ‘milyonçu QHT-lərə’ veriləcək. Çünki artıq əvvəlcədən bilinir ki, kimlər bu vəsaiti alacaq. Yaxınlarda Britaniya hökumətinin bəyanatını gördük – onlar gürcü hakimlərə qarşı məhdudiyyətlər tətbiq etdilər və bunu guya korrupsiyaya qarşı mübarizə ilə əsaslandırdılar. Mənim fikrimcə, bu da eyni praktikanın göstəricisidir – korrupsiya xarakterli razılaşmalar, əvvəlcədən planlaşdırılmış vəsait bölgüsü. Təəssüf ki, bəzi donor təşkilatlarda bu təcrübə geniş yayılıb. Müsabiqələr guya açıq şəkildə elan olunur, amma əslində, kimə və nə üçün vəsait veriləcəyi əvvəlcədən müəyyən olunur. Gördüyünüz kimi, milyonlar beş-altı QHT-nin cibində cəmlənir,” – deyə Papuaşvili bildirib.

Qeyd edək ki, Böyük Britaniya hökuməti Gürcüstanda 2025-ci ilin oktyabr ayında keçiriləcək yerli özünüidarəetmə seçkilərinə dəstək məqsədilə yeni qrant müsabiqəsi elan edib. Böyük Britaniyanın Xarici, Birlik və İnkişaf İdarəsi (FCDO) tərəfindən elan olunan müsabiqə çərçivəsində gürcü qeyri-kommersiya təşkilatları 25 aprel 2025-ci il tarixinə qədər layihə təqdim edə bilərlər. Məqsəd yerli seçkilərin effektiv və şəffaf keçirilməsinə dəstək göstərməkdir.

Bizimlə əlaqə saxlayın