İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbərini təqdim edib
Baş nazir İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri Anri Oxanaşvilini əməkdaşlara təqdim edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Hökumət Administrasiyası yayıb.
Təqdimat zamanı Kobaxidze bildirib ki, Anri Oxanaşvili Dövlət Təhlükəsizliyi Xidmətinə layiqincə rəhbərlik etmək üçün bütün zəruri xüsusiyyətlərə malikdir:
“Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri, cənab Anri Oxanaşvilini rəsmi olaraq sizə təqdim etmək istəyirəm. O, bu illər ərzində dövlətə və ölkəmizin maraqlarına sədaqətlə xidmət göstərib. Xüsusilə də Gürcüstan parlamentində fəaliyyət göstərdiyi zaman hüquq komitəsinin rəhbəri olub. Daha sonra Gürcüstanın ədliyyə naziri təyin olundu və orada qısa müddət ərzində çox mühüm dəyişikliklər həyata keçirdi. Mən tam əminəm ki, cənab Anri Oxanaşvili bu olduqca vacib xidmətin çox layiqli rəhbəri olacaq. O, dövlət xidmətinə layiqlə rəhbərlik etmək üçün bütün keyfiyyətlərə malikdir. O, əsl peşəkar, ləyaqətli və vicdanlı insandır və bu, Dövlət Təhlükəsizliyi Xidmətinə rəhbərlik etmək üçün zəruri olan xüsusiyyətlərdir,” – deyə Kobaxidze bildirib.
Eyni zamanda Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluashviliyə təşəkkürünü bildirib və qeyd edib ki, o, “işini ləyaqətlə, peşəkarlıqla və vicdanla icra edib”.
Baş nazir Qriqol Liluashviliyə və onun müavinlərinə ölkənin təhlükəsizliyinin təmin olunması və təhlükəsizliyin daha da möhkəmləndirilməsi istiqamətində gördükləri işlərə görə təşəkkür edib:
“Son altı il ölkəmiz üçün xüsusilə çətinliklərlə dolu bir dövr oldu. Gürcüstan çoxsaylı fövqəladə çağırışlarla üz-üzə qaldı. Bu çətin şəraitdə cənab Qriqol Liluashvili ölkəmizin təhlükəsizliyinin təmin olunması işinə böyük ləyaqət, peşəkarlıq və vicdanla rəhbərlik etdi. Bir daha cənab Qriqol Liluashviliyə son altı ildə həyata keçirdiyi mühüm fəaliyyətə və zəhmətinə görə dərin təşəkkürümü bildirirəm. Həmçinin onun müavinləri – cənab Aleksi Batiaşvili, cənab Giqa Nikoleişvili, cənab Levan Axobadze və cənab Şengeli Fitsxelauri – hər birinə ölkənin təhlükəsizliyinin təmin olunmasında və daha da möhkəmləndirilməsində xüsusi töhfələrinə görə təşəkkür edirəm,” – deyə Kobaxidze qeyd edib.


