04 
Apr
2025
22:49
423

Acarıstanda yeni hökumət başçısı namizədi təqdim olundu

Mixeil Kavelaşvili Acarıstan Muxtar Respublikasının hökumət sədri vəzifəsinə Sulxan Tamazaşvilinin namizədliyini təqdim edib.

InterPress.ge xəbər verir ki, bu barədə o, brifinqdə məlumat verib.

“Bu gün Acarıstan Muxtar Respublikasının hökumət sədri vəzifəsinə təsdiqlənmək üçün Ali Şuraya Sulxan Tamazashvilinin namizədliyini təqdim etdim,” – deyə Kavelaşvili bildirib.

Onun sözlərinə görə, Sulxan Tamazaşvili polis polkovnikidir və Daxili İşlər Nazirliyində uzunillik təcrübəyə malikdir. O, nazirliyin müxtəlif departamentlərində rəhbər vəzifələrdə çalışıb və bir sıra dövlət mükafatlarına layiq görülüb. Kavelashvili vurğulayıb ki, Tamazashvili Acarıstan bölgəsində doğulub və böyüyüb, bu səbəbdən regionu yaxşı tanıyır.

“Əminəm ki, cənab Sulxan hökumət başçısı vəzifəsində də əvvəlki fəaliyyətlərində olduğu kimi uğurlu olacaq. Ona uğurlar arzulayıram və prezident olaraq tam dəstəyimi bildirirəm. Bu fürsətdən istifadə edərək, uzun illər ərzində səmərəli fəaliyyətinə görə cənab Tornike Rijvadzeyə də təşəkkür edirəm və gələcək fəaliyyətində uğurlar arzulayıram,” – deyə o əlavə edib.

Sulxan Tamazaşvili öz çıxışında bildirib ki, bu onun üçün böyük məsuliyyətdir:

“Çoxillik təcrübəmi dövlət xidmətində xalqımın və respublikamın xeyrinə istifadə etmək imkanım olacaq. Etimada görə təşəkkür edirəm. Bu mənim üçün böyük məsuliyyətdir və bu məsuliyyəti daha da gücləndirən amil ondan ibarətdir ki, mən bu bölgənin övladıyam.”

Qeyd edək ki, Sulxan Tamazaşvili bu vaxta qədər Tbilisi Polis Departamentinin direktoru olub.

Xatırladaq ki, bu gün Tornike Rijvadze Acarıstan hökumətinin sədri vəzifəsindən istefa verdiyini sosial şəbəkə vasitəsilə açıqlayıb.

Bizimlə əlaqə saxlayın