Kaxa Kaladze: Tramp administrasiyasından Gürcüstan hökumətinə təşəkkür gözləyirdim
"Gürcüstan hökuməti “dərin dövlət” (deep state) haqqında danışmağa ilk başlayanlardan olub və Donald Trampın administrasiyasından bu cəsarətli mövqe üçün təşəkkür gözləyirdim".
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bəyan edib.
“Gürcüstan hakimiyyəti ‘dərin dövlət’ mövzusuna toxunduğu zaman, bunu heç kim etməyə cəsarət etmirdi. Mən isə səmimi olaraq gözləyirdim ki, Trampın yeni administrasiyası bu addıma görə hökumətə təşəkkür edəcək,” – deyə Kaladze mediaya açıqlamasında bildirib. O, filosof Zaza Şatirişvilinin analitik məqaləsinə münasibət bildirirdi.
Kaladzenin sözlərinə görə, hazırda Gürcüstan siyasətində müəyyən “vakum” və cavabsız suallar var:
“Məqalənin detallarına girməyəcəyəm, lakin bir şey aydındır – biz dəfələrlə bəyan etmişik və bu gün də ABŞ ilə münasibətləri yenidən başlamağa hazır olduğumuzu təsdiqləyirik. Hazırkı münasibətlərin vəziyyəti bizi qane etmir və dəyişəcəyinə ümid edirik.
Biz ‘dərin dövlət’ haqqında danışmağa təxminən 3 il əvvəl başlamışıq. O vaxt bizi lağa qoyurdular. Amma bu gün Tramp prezident olub və bütün dünya anlayıb ki, ‘dərin dövlət’ deyilən bir anlayış mövcuddur – dünyanın idarəedilməsində gizli güclər rol oynayır.”
Kaladze bildirib ki, hazırda “dərin dövlətə qarşı mübarizə” haqqında çox danışılır, amma konkret addımların atılması müşahidə olunmur.
O, ABŞ-ın keçmiş administrasiyasının Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişviliyə qarşı tətbiq etdiyi sanksiyalara da toxunaraq deyib:
“Bayden administrasiyası guya Rusiya ilə əlaqəsi olduğu üçün İvanişviliyə sanksiya tətbiq etdi. İndi isə Tramp administrasiyası Rusiya ilə birbaşa danışıqlar aparır, münasibətləri yeniləmək və ticarəti genişləndirmək istəyir, amma İvanişvili hələ də sanksiyalıdır. Bu təkcə bizdə belə deyil – Rumıniyada da seçkilər ləğv olundu, ABŞ buna reaksiya verdi, amma real addım atmadı.
Macarıstanın baş nazirinin administrasiya rəhbəri də sanksiya altındadır və bu sanksiyalar hələ də ləğv olunmayıb.”
Kaladze əlavə edib ki, Gürcüstan “dərin dövlətə” qarşı mübarizədə ABŞ-ın yeni administrasiyasına dəstək verir və bu mübarizənin nəticələrinin Gürcüstana da təsir göstərəcəyinə ümid edir.
“Tramp dəfələrlə bildirib ki, onun prioritetləri Ukraynada müharibəyə son qoymaq və dərin dövləti məğlub etməkdir. Amma hələ heç biri baş verməyib. Gözləyək və görək.”
Sonda Kaladze “Gürcü Arzusu”nun milli maraqlara əsaslanan praqmatik siyasət yürütməyə davam edəcəyini bildirib:
“Bizim üçün nə ABŞ, nə də Avropa prioritet deyil – bizim üçün əsas olan xalqımız və dövlətimizdir.”
O, həmçinin ABŞ-ın “Helsinki Komissiyası” üzvlərinin Anakliya limanı ilə bağlı bəyanatlarına da cavab verib:
“Gürcüstan müstəqil və suveren dövlətdir. Biz özümüz qərar verəcəyik – kimlə və hansı münasibətlərdə olaq. Bu, ‘Helsinki Komissiyası’nın işi deyil.”


