Salome Zurabişvili: “Dünya çağırışlarına baxmayaraq, Gürcüstanın ədalət uğrunda mübarizəsi gündəmdə qalır – bu sizin sayənizdədir”
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Rustaveli prospektində toplaşmış vətəndaşlara müraciət edərək, onların mübarizəsini yüksək qiymətləndirib və bildirib ki, ölkənin ədalət uğrunda apardığı mübarizənin dünya gündəmində qalması məhz xalqın xidmətidir.
“Sizin xidmətinizdir ki, dünya miqyasında mövcud olan digər çağırışlara baxmayaraq, Gürcüstanın ədalət uğrunda mübarizəsi hələ də aktualdır,” – deyə Zurabişvili bildirib.
Onun sözlərinə görə, beynəlxalq səviyyəli görüşlərdə və müzakirələrdə o, artıq neçə aydır ki, etiraz rejimində olan xalqı təmsil edir:
“Bu mübarizə artıq nəticə verib – rus qanununa qarşı başlanan genişmiqyaslı etiraz aksiyaları beynəlxalq dəstək və diqqət qazandı və bunun nəticəsində siz Avropa İttifaqının namizəd statusunu əldə etdiniz. Bunu siz etdiniz və yalnız siz – bu kiçik deyil, böyük nailiyyətdir.
Aramsız etirazlar Gürcüstanın səsini bütün dünyaya çatdırdı və göstərdi ki, xalq yeni seçkilər və Avropa gələcəyi uğrunda səfərbər olub. Demokratik dünya sizin bu mübarizənizi və ədalətli tələblərinizi dəstəkləyir – bu da sizin qələbənizdir.
Seçkilərdən beş ay keçib və bu günə qədər heç bir demokratik ölkə saxtalaşdırılmış seçkiləri və hakimiyyətin legitimliyini tanımır. Hakim partiya təcrid olunub – bu da sizin qələbənizdir. Onlar isə tək-tük görüşlər və əl sıxmalarla təskinlik tapmağa çalışırlar.”
Zurabişvili qeyd edib ki, xarici tərəfdaşlar onu, hökuməti deyil, dəvət edirlər və bu, xalqın mübarizəsinə olan hörmətin və dəstəyin göstəricisidir:
“Tərəfdaşlarımızın yüksək səviyyəli görüşlərə və parlamentlər qarşısında çıxışa məni dəvət etməsi – bu, sizin dəstəyinizin, sizin mübarizənizin etirafıdır. Mən orada yalnız sizi və Gürcüstanı təmsil edirəm.
Son səfərimdə Baltikyanı dostlarımız mənə sizin üçün bir mesaj verdilər – ‘xalqımıza həmrəylik və dəstəyimizi çatdır’. Eynilə, ilk dəfə olaraq bizim yaxın tariximizdə, Fransa prezidenti Emmanuel Makron birbaşa gürcü xalqına müraciət etdi. Bütün tərəfdaşlarımızın Gürcüstanla bağlı bəyanatlarında sizin tələbləriniz səslənir – yeni seçkilər və vicdan məhbuslarının azad olunması.”
Zurabişvili sonda bir daha vurğulayıb ki, bütün bu uğurlar xalqın qətiyyətli mövqeyi və mübarizəsinin nəticəsidir.


