28 
Mar
2025
16:33
189

Giorgi Vaşadze: “Gürcüstanı təcrid etmək istəyirlər”

"Gürcüstanı beynəlxalq təcridə salmaq istəyirlər və hakim partiya “Gürcü Arzusu” artıq ölkə daxilində və xaricində izolyasiyadadır."

InterPress.ge xəbər verir ki, bu barədə “Strategia Ağmaşenebeli” partiyasının lideri Giorgi Vaşadze keçirdiyi brifinqdə bildirib.

Vaşadze bu açıqlamanı parlamentin müvəqqəti istintaq komissiyasının səlahiyyətlərinin genişləndirilməsi və müxalif siyasi partiyaların, xüsusilə “Vahid Milli Hərəkat” və onun “peyklərinin” qeyri-konstitusion elan olunması barədə “Gürcü Arzusu”nun son bəyanatlarına cavab olaraq verib.

“Siz artıq beynəlxalq hüquq baxımından ləğv olunmusunuz”

“Məni və mənim partiyamı ləğv etmək istəyirsiniz? Elə bu gün edin! Baxaq, gücünüz çatırmı?! Siz artıq beynəlxalq hüquqa əsasən ləğv olunmusunuz. “Gürcü Arzusu” – bu gün ölkə daxilində və beynəlxalq aləmdə tanınmayan, dar çevrəli bir qrupdur. Onlarla heç kim danışmır,” – deyə Vaşadze bildirib.

Vaşadze həmçinin ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində qəbul olunmuş “Dostluq Aktı”na diqqət çəkib. Onun sözlərinə görə, bu akt Gürcü xalqına iqtisadi dəstək, viza rejiminin sadələşdirilməsi və ticarətin inkişafı ilə bağlı imkanlar təqdim edir. Eyni zamanda, ölkənin suverenliyinə və azadlıq uğrunda mübarizə aparan insanlara qarşı çıxan qüvvələrə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Giorgi Vaşadze 31 mart tarixində Tbilisidə, Rustaveli prospektində genişmiqyaslı mitinqə çağırış edib. O bildirib ki, bu aksiya Gürcü xalqının səsini beynəlxalq ictimaiyyətə çatdırmaq və “daxili anti-gürcü qüvvələrin” cavabdehlik daşıması üçün vacibdir.

Xatırladaq ki, “Gürcü Arzusu”nun qərarına əsasən, “Vahid Milli Hərəkat”ın hakimiyyətdə olduğu dövrün araşdırılması üçün yaradılmış parlamentin istintaq komissiyasının mandatı genişləndirilib və 2003-cü ildən bu günə qədərki dövrü əhatə edəcək. Partiyanın icraçı katibi Mamuka Mdinaradzenin sözlərinə görə, komissiyanın yekun hesabatı “müxalif partiyaların qeyri-konstitusion elan olunması üçün hüquqi əsas yaradacaq”.

Bizimlə əlaqə saxlayın