.jpeg)
Yunanıstanda insan alveri şəbəkəsinin əsas üzvü olan Gürcüstan vətəndaşı saxlanılıb
Yunanıstanın Salamina şəhərində insan alveri ilə məşğul olan şəbəkənin əsas üzvlərindən biri – Gürcüstan vətəndaşı, 44 yaşlı şəxs saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, kontrabandçı qrup tərəfindən Türkiyədən Yunanıstana miqrantların daşınması üçün istifadə edilən gəmilər əvvəllər gömrük və liman orqanları tərəfindən müsadirə olunaraq hərraca çıxarılmışdı. Cinayətkar şəbəkənin fəaliyyəti sahil mühafizəsi və Milli Kəşfiyyat Xidmətinin birgə apardığı bir aylıq istintaq nəticəsində ifşa olunub.
Yerli medianın yazdığına görə, saxlanılan gürcüstanlı 2018-ci ildən etibarən miqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqəli işlər üzrə Yunanıstan təhlükəsizlik xidmətlərinin şübhəlilər siyahısında yer alırdı. O, evində və iş yerində aparılan axtarış zamanı saxlanılıb və istintaq hakiminə təqdim olunub. Şəxs barəsində ilkin həbs qərarı verilib.
Eyni iş üzrə daha bir şəxs – Türkiyə vətəndaşı da axtarışdadır. Onun Türkiyəyə qaçdığı güman edilir. Barəsində həbs qərarı çıxarılıb və axtarış tədbirləri davam edir.
Media bildirir ki, saxlanılan gürcüstanlı və onun yaxın tərəfdaşlarının fəaliyyəti artıq bir ildən çoxdur ki, istintaqın diqqət mərkəzindədir. Amma son 10 gün ərzində hadisələrin inkişafı sürətlənib. Belə ki, Dodekanes bölgəsində 74 qanunsuz miqrantın daşınmasına görə insan alveri ilə məşğul olan bir gəmi və onun 25 yaşlı türk kapitanı saxlanılıb.
İstintaq nəticəsində məlum olub ki, insan alveri şəbəkəsinə bağlı azı dörd gəmi əvvəllər dövlət tərəfindən müsadirə olunaraq hərraca çıxarılmış, lakin daha sonra yenidən həmin şəbəkənin mülkiyyətinə keçmişdir. Aparılan çoxaylı araşdırmalar nəticəsində bu gəmilərin insan alverində yenidən istifadə olunduğu dörd hal aşkarlanıb.