
Türkiyədə etirazlar zamanı saxlanılanların sayı açıqlanıb
Türkiyə hakimiyyətinin məlumatına görə, İstanbulun meri Əkrəm İmamoğlunun keçən həftə çərşənbə günü həbs olunmasından sonra başlayan kütləvi etirazlar zamanı ümumilikdə 1 879 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın sözlərinə görə, saxlanılanlardan 260 nəfər həbs edilib, 489 nəfər sərbəst buraxılıb, 662 nəfərin isə məhkəmə prosesi hələ də davam edir.
Nazirin bildirdiyinə görə, etiraz aksiyaları zamanı 150 polis əməkdaşı xəsarət alıb.
Beynəlxalq media nümayəndələri ilə İstanbulda keçirilən görüş zamanı ölkənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, Ankara Avropadakı tərəfdaşlarına “sağlam düşüncə ilə hərəkət etməyi” tövsiyə edib. O, qeyd edib ki, İmamoğluna qarşı irəli sürülən ittihamların ciddiliyi onun həbsini zəruri edirdi.
“Biz heç bir siyasətçinin həbs olunmasını istəmirik. Amma əgər qanun pozuntusuna dair sübutlar varsa, bu, baş verə bilər. İrəli sürülmüş ittihamların ciddiliyini və sübutların gizlədilməsi riskini nəzərə alaraq, məhkəmə düzgün qərar qəbul etdi,” – deyə nazir vurğulayıb.
Xatırladaq ki, İstanbulun meri və müxalif “Cümhuriyyət Xalq Partiyası”nın aparıcı simalarından biri olan Əkrəm İmamoğlu martın 19-da polis tərəfindən saxlanılıb. O, Prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi hesab olunur. Onun həbs olunması son onillikdə Türkiyədə baş vermiş ən böyük küçə etirazlarına səbəb olub.
Etirazlar daha da gücləndikdən sonra məhkəmə İmamoğluna qarşı korrupsiya ittihamı ilə barəsində həbs-qətimkan tədbiri seçib. İmamoğlu ittihamları rədd edir və həbsinin siyasi motivli qərar olduğunu bildirir.