18 
Mar
2025
10:43
757

Gürcüstanda ilk dəfə müəllimlər bu imtahanları ana dilində verə biləcək

Bu il Gürcüstanın təhsil tarixində ilk dəfə olaraq inklüziv təhsil sistemində çalışan xüsusi müəllimlər, eləcə də ibtidai sinif müəllimləri ana dilində sertifikasiya imtahanlarını vermək hüququ əldə edəcəklər.

InterPress.ge xəbər verir ki, Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin saytında artıq qeydiyyatdan keçmək üçün məlumat yerləşdirilibdir.

İqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayevanın sözlərinə görə imtahanların ana dilində keçirilməsinə qərarın verilməsi onun dövlət qurumlarına ardı-arası kəsilməyən müraciətlərinin, dövlət qurumlarında keçirdiyi görüşlərin və müraciətlərdə qeyd etdiyi kəskin diskriminasiya hallarının sübuta yetirilməsi sayəsində baş verdi. Aygül İsayeva bu məsələdə Gürcüstanın Xalq Müdafiəçisinin (Ombudsman) də dəstəyini də qeyd edib: “Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) etdiyim müraciətlər əsasında azərbaycandilli məktəblərdə diskriminasiya faktının olmasını təsdiq etdi. Edilən müraciətlər əsasında araşdırma aparıldıqdan sonra Gürcüstanın Xalq Müdafiəçisi Levan İoselianı Təhsil, Elm və Gənclər nazirinə müraciət ünvanlamışdı. Təhsil nazirliyindən müsbət cavab verilmişdir. Həmçinin, özümün də təhsil nazirliyində keçirdiyim görüşlərdə dəfələrlə ibtidai sinif müəllimlərinin, eləcə də xüsusi müəllimlərin üzləşdiyi çətinlikləri vurğulamışdım. Sevinirəm ki, müəllimlər artıq ana dilində imtahan verə biləcəklər”.
 
“Haqlı və əmin olduğun məsələdə sona kimi mübarizə aparmağa dəyər. Baş verənlər onu göstərir ki, sıravi bir vətəndaş kimi də çox şeylərə nail olmaq mümkündür”, - deyə Aygül İsayeva bildirdi.
Qeyd edək ki, müəllim və müəllim olmaq istəyənlər 2 aprel saat 18:00-a kimi sertifikasiya imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Bizimlə əlaqə saxlayın