Gürcüstanda qiymət artımı və gəlir azalması gözlənilir
Ölkədə mövcud iqtisadi vəziyyətə əsasən, qarşıdakı aylarda qiymətlərin artması və vətəndaşların gəlirlərinin azalması gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə "Cəmiyyət və Banklar" təşkilatının yaydığı rəsmi bəyanatda bildirilir.
Məlumata görə, iqtisadi geriləmə əhalinin maliyyə vəziyyətinə mənfi təsir edəcək. 2024-cü ilin göstəricilərinə əsasən, birbaşa xarici investisiyalar illik 30% azalaraq 1,334 milyon ABŞ dollarına düşüb və bu tendensiyanın gələcəkdə də davam edəcəyi proqnozlaşdırılır.
Bundan əlavə, xarici valyuta axınının digər mənbələri, o cümlədən qrantlar və proqramlar da azalır. Bu isə son dövrlərdə lari məzənnəsindəki dəyişkənliyin artmasına və milli valyutanın dəyərsizləşməsi ehtimalının yaranmasına səbəb olub. Ölkədə turizm sektorunda da problemlər müşahidə edilir.
Təşkilatın açıqlamasına görə, azalan iqtisadi fəaliyyət fonunda əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və ümumi tələbin azalması gözlənilir. Bu səbəbdən Gürcüstan Milli Bankının uçot dərəcəsini 8% səviyyəsində saxlaması məntiqli addım kimi qiymətləndirilir.
"Xarici və daxili iqtisadi problemlər nəzərə alınaraq, pul siyasətinin yumşaldılması üçün hazırda potensial yoxdur", - təşkilatın bəyanatında qeyd olunur.


